Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit ( uşaqlığın daxili qatının iltihabı ), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

Uşaqlığın mioması

Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20 – 25 % — ində mioma müşahidə olunur.

Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rastgəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1 – 2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6 – 7 kq – a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq – a qədər böyümüş miomalara rast gəlindiyi də qeyd edilir.

Miomanın formalaşmasındakı ən əsas səbəb dəqiq bilinməsə də, yüksək estrogen doyumluluğu ilə bağlı olduğu düşünülür. Endometrial hiperplaziya, endometrioz və endometrium xərçəngi kimi estrogen asılı olan pataloji halların mioması olan qadınlar arasında daha çox rast gəlinməsi məlumdur. Miomaların menopauza dövründə estrogenin təsirinin aradan qalxması ilə əlaqədar kiçilməsi, hamiləlik zamanı böyüməyə meylliliyin olmaması və  GnRh antaqonistərinin miomaların ölçüsünü kiçiltməsi yenə də, estrogen təsirini göstərir.

Miomaları yerləşmə yerinə görə 3 fərqli tipə bölünür: Submukoz ( uşaqlığın daxili qatına yaxın ), intramural ( uşaqlığın əzələ qatına bitişmiş ), subseroz ( uşaqlığın xaricinə doğru böyüyən ).

Lakin hər zaman miomaları inkişaf etdiyi yeri dəqiq ayırmaq mümkün olmur. Bunlar böyümələri, verdiyi simptomları, gedişatları, meydana gətirdiyi klinik tabloları, ağırlaşlmaları və müalicəsi baxımından fərqliliklər göstərə bilər.

Submukoz miomalar uşaqlığın daxili qatının altından inkişaf edir, uşaqlıq boşluğunu doldurub uşaqlıq boynundan da çıxa bilərlər. Submukoz miomalar adətən menstrual qanaxmaların gur (laxtalar ilə), qanaxma müddətinin artması və menstrual qanaxmanın vaxtından kənar qanaxmaların olması ilə müşaidə edilir. Bu şikayətlər adətən submukoz miomalara xasdır. Dərman müalicəsi və qeyri cərrahi (ultrasəs dalğaları ilə) üsullar təəssüf ki, müvəqqəti nəticə göstərdiyi üçün radikal müalicə histereskopik (kamerayla uşaqlıq daxilinə girərək) miomanın tamamiylə çıxarılmasıdır.

Histereskopik miomanın çıxarılması (video)

http://familia.az/?p=1044

 

İntramural miomalar uşaqlıq divarı içində formalaşır. Müxtəlif böyüklüklərdə ola bilər, uşaqlığın səthində böyüklü – kiçikli təpəciklər yaratmaqla “ kartof kisəsi ” görüntüsü verir. Adətən menstrual qanaxmalara təsir etmir, düz bağırasağa və sidik kisəsinə təzyiq göstərərək fəaliyyətlərinə mane olabilər. Tez-tez sidiyə getmə və ya defekasiya aktı zamanı ağrı, çətinlik müşahidə olunabilər. Müalicəsində çox müxtəlif üsullar təklif olunsa da, xanımın yaşı nəzərə alınaraq cərrahi taktika seçilir, xüsusən az zərərli və estetik olan laparoskopik üsulla.

Uşaqlığı qoruyaraq qiqant miomanın çıxarılması (video)

http://familia.az/?p=769

 

Subseroz miomalar uşaqlıqdan xaricə doğru böyüməklə adətən simptomsuz olurlar.

 

Nəticədə, miomaların əksəriyyəti hər hansı bir əlamət vermir, ama qadınlar  adətən vaginal qanaxma, ağrı, böyümüş miomalarda xarici orqanlara təzyiq əlamətləri, sonsuzluq və xüsusən subseroz miomalarda qarının böyüməsi kimi şikayətlərlə müraciət edirlər.

Subseroz miomanın çıxarılması (video)

http://familia.az/?p=460

 

Miomaların diaqnozu ginekoloji müayinə, USM, submukoz hallarda histerosalpinqoqrafiya və histeroskopiya ilə qoyulur.

Miomalarda ən çox rast gəlinən ağırlaşma degenerasiyadır. Degenerasiya böyüyən miomanın qidalanmasının pozulması nəticəsində inkişaf edir. Ağrı və temperaturla birlikdə rast gəlinə bilər. Mövcud olan mioma degenasiya olduqda, xüsusən hamiləliyin ikinci yarısında, kəskin olaraq böyük və ağrılı hala gəlir, qusma, halsızlıq və temperatur olur. Bu zaman müdaxiləyə ehtiyac yoxdur, proses öz – özünü məhdudlaşdırır, ağrıkəsici və istirahət yetərlidir.

Miomalar və sonsuzluq

Submukoz  və interstisial (boruların başladığı yer) düyünlər daha çox hallarda sonsuzluğa səbəb olur. İnfertil qadınların 2 – 3% sonsuzluğun əsas səbəbi miomalardır. Miomalar uşaqlığın boşluğunun normal anatomik bütövlüyünü pozaraq implantasiyanı əngəlləyə və bəzən isə uşaqlıq borularının uşaqlıq dəliklərini təzyiq göstərməklə bağlaya bilərlər.

Mioma və hamiləlik

Hamiləlik zamanı miomaların ölçüləri böyüyür. Ancaq bu həqiqi böyümə deyildir. Hamiləlik zamanı miomanın böyüməsinə səbəb mioma toxumasında meydana çıxan ödem, qan təchizatındakı artım və miomanın degenerasiya olunaraq daxilinə qanamasıdır. Hamiləlikdə degenerasiya adətən ikinci və üçüncü trimesterlerdə olur. Bu zaman şiddətli ağrılar və uşaqlığın həssaslığı kimi əlamətlər müşahidə olunur. Yataq rejimi və ağrıkəsicilərin istifadəsi ilə müalicə aparılır. Cərrahi müalicə məsləhət görülmür, çünki hamiləlik zamanı bu əməliyyat qanaxma ilə ağırlaşa bilər. Əməliyyat doğuşdan 3 ay sonraya qədər təxirə salınır. Bu zaman uşaqlığın qan təchizatı azalır, miomanın ölçüləri kiçilir, beləliklə yarana biləcək ağırlaşmaların riski azalır. Mioması olan qadınlarda erkən və gec düşüklər, vaxtından qabaq doğuş, dölün antenatal ölümü, dölyanı mayenin vaxtından qabaq axması, dölün qeyri düzgün vəziyyətləri, plasentar anomaliyalar baş verə bilər. İmplantasiya sahəsi miomanın yerində yerləşirsə, ağırlaşma riski 75 % — ə qədər artır. Plasenta mioma yerində yerləşərsə, doğuş zamanı plasentanın ayrılma anomaliyaları riski artır və bu zaman plasentanın əllə ayrılması və ya uşaqlığın çıxarılması labüd ola bilər. Plasentanın bitişmə anomaliyaları və miomanın uşaqlığın yığılmasını pozması ilə əlaqədar  zahılıq dövrünün qanaxmaları riski də artmış olur.

Mioması olan hamilələrdə dölə aid problemlər yoxdursa, fizioloji doğuşa üstünlük verilə bilər. Miomektomiya əməliyyatı  ( miomanın çıxarılması ) keçirmiş qadınlarda hamiləlik  kesar kəsiyi ilə başa çatdırılmalıdır.

Reproduktiv dövrdə olan qadınlarda ölçüləri kiçik və simptomsuz miomalar USM ilə  3 – 6 ayda bir dəfə olmaqla dinamik müşahidə altında saxlanılır. Məqsəd miomaların böyüməməsi hallarında uşaqlığı zədələyə biləcək müdaxilədən imtina etməkdir. Menopauza dövründə miomaların ölçülərinin kiçilməyə meylin olması baxımından (qadının şikayəti yoxdursa) və daha böyük olan miomalar da dinamik nəzarətdə saxlanıla bilər. Menopauza dövründə miomalar adətən kiçilə bilər, lakin ciddi ağrı və qanaxmaya səbəb olma ehtimalı da yüksəkdir. Müşahidə zamanı böyüməyən, ölçüləri 12 həftəlik hamiləliyi keçməyən və hər hansı simptom verməyən miomalarda cərrahi müalicə tətbiq edilmir.

Miomaların müalicəsi cərrahidir, buna baxmayaraq böyük ölçülü miomaların kiçildilərək cərrahi ağırlaşmaların riskini minimuma endirən bəzi üsullar da vardır. Bunlar qalıcı və həqiqi müalicə üsulu kimi qəbul edilmir. Müasir cərrahiyyədə ilk növbədə düşünülən endoskopik yəni laparoskopik cərrahiyyədir.

Laparoskopik cərrahiyyə nədir? (video)

http://familia.az/?p=1065

Cərrahi müalicə mioma və ya miomaların və ya uşaqlığın, bəzi hallarda isə yumurtalıqların çıxarılmasıdır. İndiki dövrdə icra edilən bütün əməliyyatlar endoskopik aparılır və xəstə estetik və komfort baxımından daha rahat olur. Hal – hazırda miomaların ölçüsündən asılı olmayaraq laparoskopik cərrahiyyə mümkündür. Lakin əməliyyat üçün bəzi şərtlər vardır:

  • Miomalar hesabına 10 həftəlik hamiləlik ölçüsünə qədər böyümüş uşaqlıq
  • Mioma ilə əlaqədar dayanmayan qanaxmalar
  • 6 aylıq müşahidə zamanı ölçüsü iki dəfə artmış miomalar
  • Miomanın sonsuzluq səbəbi olduğu hallar
  • Uşaqlıq yolundan doğulan ayaqcıqlı miomalar
  • Uşaqlıq boynunda yerləşmiş, ölçüləri 3 – 4 sm — ə çatan miomalar.

Əməliyyatın həcmi xəstənin yaşı, hamiləlik istəyi, sosial vəziyyəti nəzərə alınaraq həkim tərəfindən müəyyələşdirilir. 40 yaşdan kiçik və hamilə olmaq istəyi olan qadınlarda miomanın çıxarılması, 40 – 45 yaşlarında qadının istəyindən asılı olaraq mioma və ya uşaqlığın çıxarılması, 45 yaşdan böyük qadınlarda isə, uşaqlıq və yumurtalıqların çıxarılması düzgün yanaşma sayıla bilər.

Uşaqlığın yumurtalıqlarla birgə çıxarılması (video)

http://familia.az/?p=439

Adenomioz

Adenomioz uşaqlığın daxili qatının uşaqlıq əzələsinə doğru irəliləməsi nəticəsində yaranan uşaqlıq xəstəliyidir. Adətən 30 – 40 yaşlarında rast gəlinir. Ən əsas əlaməti uşaqlığın normadan böyük və ağrılı olması, menstural sancıların şiddətli olması və artmış menstural qanaxmadır. Müalicə əsasən uşaqlığın çıxarılmasıdır, həmçinin dəqiq diaqnoz toxumanın histopataloji müayinəsinin nəticəsində qoyulur. Ancaq əgər xanımını yaşı və hamiləlik istəyi ön plandadırsa Osada üsulu ilə uşaqlığı qoruyaraq adenomioz ocaqları çıxarılır və uşaqlıq divarları üç qat bərpa olunur. Çox nadirən bu əməliyyat tədbiq edilsədə, uşaqlığı qorumaq və ciddi ağrıları azaltmaqda istifadə olunan üsullardan biridir.

Osada üsulu ilə qorunan uşaqlıq (video)

http://familia.az/?p=1068

 

 

Endometrit

Uşaqlığın daxili qatının iltihabı mənasına gələn endometrit hər düşük və doğuşdan sonra bəlli ölçülərdə meydana gələn haldır. Uşaqlıq boynu tam bağlı deyilsə və uşaqlıq bakteriyaların təsirinə məruz qalmazsa 3 – 4 gün ərzində geri dönən prosesdir. Kəskin endometrit yüksək temperatur, uşaqlığın ağrılı olması və pis qoxulu ifrazatla xarakterizə olunur.  Kesar kəsiyi əməliyyatı, anamnezdə döl qişalarının vaxtından əvvəl yırtılması və aşağı sosial iqtisadi vəziyyət doğuş sonrası endometrit riskini artırır.

Xroniki endometrit adətən postmenopauzal dövrdə müşahidə olunur və toxumaların qidalanma pozğunluğuna səbəb olmaqla postmenopauzal xəstəliklərə səbəb olur.

Aşerman sindromu

Birdən çox süni abort, düşük və ya qanaxma səbəbli küretaj nəticəsində uşaqlıq daxili arakəsmələrlə özünü göstərən haldır. Xəstələr mensturasiyanın olmaması, azalmış mensturalqanaxma, sonsuzluqdan şikayətlənirlər. Diaqnoz HSG və ya histeroskopiya ilə qoyulur. Histeroskopiya zamanı bu bitişmələr aralanır, uşaqlıq boşluğuna sidik kateteri yerləşdirilərək, yenidən əmələ gəlməsinin qarşısı alınır və ya əməliyyatdan sonra uşaqlıq daxili vasitələrdən istifadə edilməklə yüksək dozada estrogenlər verilir.

Endometrial polip

Uşaqlığın daxili qatından inkişaf edən xoş xassəli törəmələrdir. Ən əsas əlaməti qeyri müntəzəm qanaxmalardır. Hiperplaziya ilə yanaşı rast gəlindiyinə görə xəstə bu baxımdan da dəyərləndirilməlidir. Müalicə endometrial küretaj (uşaqlıq boşluğunun qaşınması) və ya müasir tibbdə histeroskopik polipektomiyadır.

Histereskopik polipektomiya (video)

http://familia.az/?p=468

 

Uşaqlığın quruluş anomaliyaları

Bu anomaliyalar Müller kanalı anomaliyaları adı altında öyrənilir. Anadangəlmə anomaliyalardır. Adətən xromosomal xəstəliklər və bəzi sindromlarla birlikdə təsadüf olunurlar. Uşaqlıq latın dilində Uterus-dur

 

 

Müller kanalı ageneziyası ( uşaqlığı əmələ gətirən toxumaların inkişaf etməməsi ) mensturasiyanın olmamasının  ( birincili amenoreya ) əsas səbəblərindən biridir. Bu zaman uşaqlıq və uşaqlıq yolu yoxdur. Hər 5000 doğuşda 1 rast gəlinir. Bu xəstələrdə yumurtalıqlar inkişaf etdiyindən cinsi yetişkənlik dövründə tipik qadın orqanizmi formalaşır. Müller kanalı anomaliyalarına 30 % halda böyrək və dayaq hərəkət aparatı anomaliyaları ilə birlikdə  rast gəlinir.

Müller kanalının bitişmə anomaliyaları uşaqlığın formasının dəyişməsinə səbəb olur. Embrioloji olaraq normal inkişaf edən hər iki müller kanalının bitişməsindəki anomaliyalar daxili cinsiyyər orqanlarının müəyyən yerlərinin cüt olmasına səbəb olur. Bunun ən irəli forması ikiləşmiş uşaqlıqdır ( uterus didelfus ).

İkiləşmiş uşaqlığın bərpası (video)

http://familia.az/?p=1063

 

İkibuynuzlu uşaqlıqda hər iki müller kanalı birləşir, lakin bu birləşmə tam olmur. Bəzən birləşmə anomaliyası o qədər az olur ki, uşaqlıq üzərində sadəcə içəriyə doğru bir çökmə müşahidə olunur, buna yəhərvari uşaqlıq deyilir.

Uşaqlıq içində müşahidə olunan pataloji bölməyə arakəsmə adı verilir və bu müller kanallarının birləşməsindən sonra birləşmə sahəsinin sorulmaması ilə əlaqədardır. Bəzən bu arakəsmə uşaqlığı, hətta uşaqlıq yolunu da əhatə edir, bəzən isə uşaqlığın dibində nazik zar kimi qeyd edilir.

Histereskopiya ilə uşaqlıq boşluğundaki çəpərin ləğv edilməsi (video)

http://familia.az/?p=462

 

Uşaqlıq anomaliyalarının kliniki xüsusiyyətləri

Uşaqlıq anomaliyaları mensturasiyanın olmaması kimi şikayətlərə səbəb olsa da, daha çox hamiləlik ağırlaşmaları şəklində özünü göstərir. Uşaqlıq anomaliyalarının 25 % — ində mamalıq problemləri əmələ gəlir.  Uşaqlıq anomaliyaları zamanı uşaqlıq kifayət qədər inkişaf edə bilmir və bu anomaliyalar düşük, vaxtından qabaq doğuş, dölün bətndaxili inkişaf ləngiməsi, dölün qeyri düzgün gəlişləri və hətta uşaqlığın cırılması hallarına səbəb olur. Uşaqlıq arakəsmələrinin olması da düşük və vaxtından qabaq doğuşlara səbəb ola bilər. Bu halarda müalicə cərrahidir.  Müller kanalı ageneziyasında uşaqlıq olmadığından müalicəsi yoxdur, sadəcə cinsi əlaqənin olma bilməsi üçün uşaqlıq yolu düzəldilə bilər. Arakəsmə anomaliyası histeroskopik müalicə olunur. Digər anomaliyalar laparoskopik anatomik düzəltmə əməliyyatları vasitəsilə korreksiya edilə bilər.

 

Kesar kəsiyi və uşaqlığın aqibəti

Günümüzdə təbii doğuşla yanaşı doğuşların bir qismi də cərrahi yolla yəni kesar üsulu ilə olur. Son 10 ildə kesar əməliyyatların sayı 2 qat qədər artmışdır. Məcburi olan bu əməliyyat bir tərəfdən dölün həyatını xilas edir, digər yandan isə uşaqlıqda ciddi fəsadlar yaradabilər. Kesar əməliyyatından sonra əgər iltihab da yanaşı olarsa, uşaqlıq daxili yapışmalar (Aşerman sindromu) olar və ya uşaqlıq boruların bitişmələrdən keçiriliciyi pozulabilər.

İltihab olmadıqda çapıq əmələ gəlir və hətta dikiş boyunca qidalanmanın pozulması nəticəsində əmələ gələn çapıq çox incə olub daimi damcı şəklində qanaxmalara və sonsuzluğa səbəb olabilər. Uşaqlıqdaki bu defekt istmosele adlandırılır.

İstmosele varlığında uşaqlıq boşluğunda uzun müddət qan qaldığı üçün menstrual qanaxmalardan sonra damcı şəklində qanaxma davam edər və dölün yapışması əngəllənir, yəni sonsuzluq inkişaf edir. İstmosele çox böyük deyilsə histereskopik, böyüksə laparoskopik təmir edilməlidir.

Laparoskopik istmosele təmiri (video)

http://familia.az/?p=994

 

Bəzən kəsar kəsiyindən sonra uşaqlıqda yaranan çapıq sonsuzluqla yanaşı patolojik hamiləliklərə yol açabilər. Məsələn çapıq nahiyyəsinə tutunmuş döl inkişaf edərək cırılmalara və ani qan itirmədən ananın həyatına son verəbilər. Məhz bu təhlükələrin olduğunu nəzərə alaraq kesar kəsiyindən sonrakı hamiləliklər ilk günlərdən ciddi nəzarət altında saxlanılmalıdır və patolojik bir şey görülərsə ailə ilə mütləq danışılmalıdır.

Kesar çapığının içində inkişaf edən hamiləliyin ləğvi (video)

http://familia.az/?p=745

Turab Canbaxışov