Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna açılan boyun hissəsidir. Uşaqlıq boynu xərçəngi ginekoloji xərçənglər içində rastgəlmə tezliyinə görə birinci yeri tutur. Xərçəng zəif displaziya ilə başlayır və irəliləyir. Atipik hüceyrə böyüməsi adətən 25 – 35 yaşlarında başlayır. Bu hüceyrələr prekanserogen ( xərçəng öncəsi ) hüceyrələr kimi dəyərləndirilir. Zamanla bu hüceyrələr xərçəng hüceyrələrinə çevrilərək “ carsinoma in situ ”adlandırılan, uşaqlıq boynunun xarici səthində sərhədləri dəqiq olan xərçəngin formalaşmasına səbəb olur. Bu hal müalicə olunmadıqda uşaqlıq boynunun digər qatlarına, eləcə də digər orqanlara yayılır. Erkən müddətdə aşkar edildiyində xəstələrin 95 % — indən çoxu sağaldığından erkən diaqnostika və müalicə çox önəmlidir. Pap smear testinin geniş istifadə olunması uşaqlıq boynu xərçənginin rastgəlmə tezliyini azaltmışdır.

Uşaqlıq boynu xərçənginin yaranma riskini artıran faktorkar hansılardır?

  • Cinsi partnor sayının çox olması
  • Cinsi həyatın 20 yaşından tez başlaması
  • Cinsi partnorun sünnət olmaması
  • Çoxlu sayda doğuşların olması
  • Viral və bakterial infeksiyalar
  • İmmun sistemin zəiflədilməsi
  • Siqaret istifadəsi
  • C və A vitaminlərinin çatışmazlığı
  • Sosial – iqtisadi vəziyyətin aşağı olması

İnsan papilloma virusu ilə uşaqlıq boynu xərçəngi arasındakı əlaqə nədir?

Cinsi yolla yoluxan insan papilloma virusu ( HPV ) olaraq adlandırılan viruslar genital kondilomaların yaranmasına səbəb olur. Bu virusa yoluxma kondilomaların yaranmasına səbəb olmaqla, hər hansı zədələnməyə gətirib çıxarmadan uzun illər inaktiv qala və ya uşaqlıq boynu hüceyrələrində dəyişikliklərə və uşaqlıq boynu xərçənginə səbəb ola bilər.

HPV infeksiyası çox yayılmışdır. Pap smear adlandırılan, uşaqlıq boynundan alınan nümunənin  pataloji müayinəsində atipik hüceyrələrin aşkar edilməsinə ən çox səbəb olan patalogiya HPV infeksiyasıdır. HPV – nin 60 – dan çox növü vardır. Bəzi tipləri qadınlarda uşaqlıq boynu xərçənginə, bəzi tipləri də xarici cinsiyyət orqanları ( vulva ), anus və kişilərdə penis xərçənginin inkişafına səbəb olur.

Genital kondilomalar vagina xaricində və ya içində, uşaqlıq boynunda, anus ətrafında, kişilərdə isə anus və penisdə rast gəlinir.

Uşaqlıq boynu xərçənginin klinik əlamətləri nədir?

Erkən mərhələdə olan xərçəng adətən klinik əlamətsiz olur. Xərçəngi erkən dövrdə aşkar etmək üçün illik rutin Pap smear testi və ginekoloji müayinənin aparılması önəmlidir.

Xərçəngin gecikmiş mərhələlərində klinik əlamətlər hansılardır?

  • Menstural tsikl arası dövrdə qanaxma
  • Menstural qanaxmanın çox olması
  • Vaginal ifrazatın artması
  • Cinsi əlaqə sonrası qanaxma
  • Bir tərəfli qasıq ağrısı
  • Çəkinin azalması
  • Anemiya

HPV diaqnozu necə qoyulur?

Ginekoloji müayinə zamanı kandilomalar aşkarlana bilər vəPap smear testi zamanı uşaqlıq boynundan götürülmüş nümunədə virusa aid genetik materialın aşkar edilməsi ilə diaqnoz dəqiqləşdirilir. Pap smear testi ilə anormallıq aşkar edilərsə, uşaqlıq boynundan biopsiya götürülərək, xərçəngin diaqnostikası baxımından müayinə edilir.

Genital kondilomalar yerləşmə yerinə və ölçülərinə görə müxtəlif üsullarla müalicə edilir. Müalicədə müxtəlif kremlər istifadə oluna bilər və ya krioterapiya ( dondurulmaqla ) yaxud elektrokoter ( yandırılmaqla ) müalicəsi ilə kondilomalar çıxarıla bilər. Genital kondilomalar müalicə olunsa bilə, virus orqanizmdən tam təmizlənmir.

HPV infeksiyası keçirmiş bütün qadınlar uşaqlıq boynu xərçəngi baxımından daimi müşahidə altında olmalıdırlar.

Diaqnostika və müalicədə nə edilir?

Uşaqlıq boynu xərçənginin irəliləməsi çox sürətli olduğundan, xərçəngin erkən diaqnostikasında bütün qadınların ginekoloji müayinə və Pap smear testindən keçməsinin böyük önəmi vardır. Klinik əlamətlər müşahidə olunduğunda xəstəlik adətən irəliləmiş mərhələdə olur. Xərçəng diaqnozu ginekoloji müayinə və götürülmüş materialın histoloji müayinəsinə əsasən qoyulur. Prekanserogen zədələnmələrin müalicəsi xərçəngin dərəcəsinə, qadının yaşına və sağlamlıq dərəcəsinə görə fərqlənir. Erkən mərhələdə olan xərçəng zamanı uşaqlıq boynu və ya uşaqlığın götürülməsi ilə uğurlu nəticə əldə etmək olursa, irəliləmiş xərçəngdə geniş həcmli əməliyyatlar və əlavə olaraq radioterapiya icra edilir.

Pap smear testi necə aparılır?

Pap smear testi uşaqlıq boynundakı prekanserogen zədələnmələri aşkar etmək üçün aparılan diaqnostik testdir. Ginekoloji müatinə zamanı uşaqlıq boynundan sitoloji yaxma alınır. Alınmış material histopataloji laboratoriyalarda müayinə olunur.

İlk müayinə 18 yaşında  və ya cinsi əlaqənin başlandığı vaxtda aparılır və hər il təkrarlanır.

Histerektomiya ilə uşaqlıq və uşaqlıq boynu götürülmüş qadınlarda Pap smear testi uşaqlıq yolu xərçəngi haqqında məlumat verir. Pap smear testi nəticəsində anormal cavab alınmış qadınlarda risk faktorları nəzərə alınaraq testin iki ildə bir və ya daha tez- tez təkrarlanması lazımdır.

İmmun sistemlə bağlı pozğunluğu olan, orqan transplantasiyası icra edilmiş və ya kimyəvi müalicə alan qadınlarda bu test 6 ayda bir dəfə təkrarlanmalıdır.

HPV profilaktikası necə aparılır?

Uşaqlıq boynu xərçənginin profilaktikasında əsas mərhələlərdən biri cinsi yolla yoluxan infeksiyalardan qorunmaqdır. HPV infeksiyasının profilaktikasında cinsi əlaqə zamanı prezervativlərin istifadəsi önəmlidir.

Cinsi həyatı olan qadınlarda ildə bir dəfə ginekoloji müayinə və Pap smear testi aparılmalıdır. Pap smear testi normal və uşaqlıq boynunda qızarma ( eroziya ) yoxdursa, xəstəyə illik smear kontrolu məsləhət görülür.

Həkimin məsləhəti ilə HPV vaksinasiyası da aparıla bilər. Uşaqlıq boynu xərçəngi vaksini yüksək riskli HPV virus infeksiyasına qarşı müdafiə olaraq əldə edilmiş və 75 – 80 % hallarda xərçəngin qarşısını ala bilən vaksindir. əlavə təsirləri minimal olan, lakin bahalı prosedur olub, əsasən 14 – 46 yaşlarında aparılır.

Turab Canbaxışov