Qadınlarda gündüz saatlarında və oyaqkən istəyi xaricində sidik ifrazının olması bu başlıq altında qiymətləndirilir. Diaqnozunda sidik saxlamazlığın miqdarı yoxdur: çünki günlük bez istifadə etmək məcburiyyətində olmasına baxmayaraq şikayət etməyən qadınlarla bərabər, damlama şəklində və ya seyrək sidik saxlamazlığı böyük problem olaraq görən qadınlar da vardır. Beləliklə də, sidik saxlamazlıq probleminin böyüklüyü qadının sosial statusu ilə çox sıx əlaqədardır. Kənd şəraitində yaşayan qadınlarda bu problem yaşla bağlı təbii proses kimi dəyərləndirilərək, həkimə müraciət edilməsə də, şəhərlərdə yaşayan, xüsusən işləyən qadınlarda sidik saxlamazlıq dərin depresiya, təklik duyğusu və sosial münasibətlərdə daralmaya (sidik qoxusu, islanma hissi) yol açmaqla daha erkən vaxtlarda həkimə müracilətə səbəb olmaqdadır. Qadınların 25 % — ində həyatlarının hər hansı bir dövründə sidik saxlamazlıq olmuşdur. Sidik saxlamazlıq adətən qadınlar tərəfindən gizlədilən və utanılacaq bir əlamət kimi qarşımıza çıxır. Bir araşdırmada sidik saxlamazlığı olan qadınların 70 % — i həkimə başqa səbəblə müraciət etdiyi halda müayinə və anamnez toplanması zamanı sidik saxlamazlığın təyin edildiyi göstərilir. Qadın ömrünün uzanması ilə problem daha da böyüyür.

Sidik saxlamazlıq 3 əsas qrupa ayrılır:

  • Həqiqi stress sidik saxlamazlıq ( əzələ və sinir gücsüzlüyü ilə əlaqədar )
  • Detrusor əzələnin qeyri stabilliyi (sidik kisəsinin kontrol edilə bilnməyən yığılması)
  • Qarışıq ( hər iki halın birlikdə olması )

Həqiqi stress sidik saxlamazlıq

Daha çox doğmuş qadınlar arasında rast gəlinir. Qasığın əzələ və sinirlərinin doğuş sırasında zədələnməsi öskürmə, asqırma, gülmə, pilləkan çıxma, yük daşıma, cinsi əlaqə zamanı qarın daxili təzyiqin artması nəticəsində xəstədə sidik ifrazının baş verməsinə səbəb olur. Müalicəsi adətən cərrahidir. Fiziki müalicə (qasıq əzələlərinin möhkəmləndirilməsi), elektriklə qıcıqlandırma ( stimulasiya ), menopauzadakı qadınlarda isə hormonal müalicə də bəzən aparıla bilər.

Detrusor əzələnin qeyri stabilliyi

Adətən daha gec yaşlarda rast gəlinməsinə baxmayaraq, sidik kisəsinin patalogiyaları zamanı (daş, iltihab, şiş) hər zaman müşahidə oluna bilər. Bu xəstələrdə kiçik yaşlarda enurez, gecə yuxudan oyanaraq sidik ifraz etmə ( normalda 2 dəfə ola bilər ), gündüzlər tez – tez sidiyə çıxma ( normalda 6 dəfə ) daha çox rast gəlinir. Su səsi ilə sidik ifrazı hissi ola bilər. Adətən fiziki aktivliklə əlaqədar ani sidik ifrazı hissi ilə tualetə qaçan xəstə tualet qapısında sidiyini saxlaya bilmir. Cərrahi müalicənin xeyri yoxdur. Fiziki müalicə (sidik kisəsinin yenidən tərbiyəsi), elektrik stimulasiyası və dərman müalicəsi tətbiq edilir.

Qarışıq sidik saxlamazlıq

Yuxarıda bəhs edilən hər iki hal eyni xəstədə vardır. Hər bir müalicə üsulu tətbiq edilə bilər. Əvvəl əməliyyat sonra fiziki müalicə,ya da dərman və ya elektrik stimulasiyası və ya əvvəl fiziki müalicə sonra əməliyyat tətbiq edilə bilər.

Diaqnostika

İlk olaraq, xəstənin sidik saxlamazlıq forması təyin edilir. Daha sonra ginekoloji müayinə aparılaraq sidik kisəsi, sidik kisəsi boynu, uşaqlıq yolu və uşaqlıqda sallanma olub olmaması, xüsusən əvvəl keçirilmiş əməliyyatla bağlı sidik yollarından vaqinaya doğru formalaşmış kanalcıq, fistullarla əlaqədar davamlı sidik saxlamazlığın olub olmaması araşdırılır. Bu proseslərdən sonra xəstənin sidik analizi, iltihab baxımından sidiyin mikrobioloji müayinəsi aparılır. Bu müayinələr nəticəsində problem aşkarlanırsa müvafiq müalicə təyin edilir. Daha sonra xəstənin sidik qaçırmasını izləmək üçün sidik kisəsinə müəyyən miqdar maye verilməklə və ya xəstənin sidik ifrazı hissinin olmasını gözlədikdən sonra gücənmə ilə əlaqədar sidik ifrazının olub olmaması müayinə edilir. Sidik saxlamazlığın varlığını və ya miqdarını təyin etmək üçün bez testi də aparıla bilər.

Xəstə bu test üçün 24 saatlıq müddət ərzində dəyişdiyi bezləri gətirir. Bezlərin quru və yaş çəkiləri arasındakı fərq hesablanaraq sidik saxlamazlığın varlığı və miqdari təyin edilir. Xüsusilə daha əvvəl sidik saxlamazlıqla bağlı əməliyyat keçirməsinə baxmayaraq yenə şikayəti olan xəstələr və əməliyyat ediləcək xəstələrdə daha ətraflı urodinamiki müayinələr aparılır. Bu prosedur zamanı xəstənin sidik kisəsinə taxılan kateter ilə fizioloji məhlul verilərək  dolma, sidik saxlamazlıq və sidik ifrazı təzyiqləri kompüter vasitəsilə qeyd edilərək rəqəmsal və qrafik yolla yazılır.  Urodinamikanın son dərəcədə mürəkkəb və bahalı analiz olması səbəbi ilə hər xəstəyə tətbiq edilmir. Müayinə və xəstənin anamnezindən  faydalanaraq bəzi müalicə üsulları yoxlanıldıqdan sonra, nəticəyə görə urodinamiki müayinə  və ya əməliyyata qərar verilə bilər.

Nəticə olaraq, xanımlarda sidik qaçırtması varsa mütləq həkimə müraciyyət etməlidirlər. Sidik saxlamazlığın növü aydınlaşdırıldıqdan sonra müvafiq müalicə aparılaraq həyat komfortu geri qaytarılmalıdır.

Turab Canbaxışov