Normal və problemsiz bir hamiləlik keçirtmək bütün qadınların arzusudur. Hamiləlikdən əvvəl və hamiləlik zamanı bəzi kiçik tədbirləri görməklə əksər hallarda bu arzunu həyata keçirtmək olur. Bir qadının qidalanma vəziyyəti, ümumi səhhəti və gündəlik yaşayışı körpənin doqquz ay boyunca inkişafına müsbət və ya mənfi təsir edir.

Zəif, çarəsiz və müdafiəsiz bir körpə doqquz aylıq macərasında tamamilə anasından asılıdır. Analığa namizədin hamilə qalmazdan əvvəl bu dövrə yaxşı hazırlanması bədənin hamiləlik prosesinə uyğunlaşmasını asanlaşdırır.

Heç vaxt gec deyildir. Hamilə qalmağa qərar verdiyiniz zaman mərhələli şəkildə aşağıdakıları etməyiniz körpəniz və öz sağlamlığınız üçün vacibdir.

Həkiminizə müraciət edərək uşaq dünyaya gətirməyə qərar verdiyinizi bildirin. Mütəmadi olaraq getdiyiniz bir ginekoloqunuz yoxdursa, mütləq özünüzə münasib bir ginekoloq tapın. Kiçik və ya böyük olmasından asılı olmayaraq səhətinizdə olan problemlərinizin hamilə qalmadan aradan qaldırılması həm sizin, həm də körpənizin sağlamlığı baxımından əhəmiyyətli ola bilər. Bəzi yüksək riskli hallarda və ya ailə anamnezinin mövcud olduğu hallarda genetik məsləhət və ya yoxlama lazım gələ bilər.

Ginekoloji müayinədən keçməyi unutmayın. Cinsi yolla keçən xəstəliklər və PAP yaxma da daxil olmaqla, kompleks bir müayinə bu vaxta qədər bilmədiyiniz bəzi problemlərin ortaya çıxmasını təmin edə bilər.

Mütəmadi və ya müəyyən fasilələrlə qəbul etdiyiniz dərmanlar varsa, bunlar haqqında həkiminizə mütləq məlumat verin. Unutmayın ki, hamiləliyin erkən dövrlərində bəzi dərmanlar istifadə olunmamalıdır.

Hamilə qalmağa qərar verdiyiniz zaman soyuqdəymə dərmanları, ağrıkəsicilər kimi bəzi dərmanları qəbul edərkən mütləq həkiminizi məlumatlandırın, problem yaradıb yaratmayacağını soruşun.

Bütün peyvəndləri etdirməyinizdən əmin olun. Bəzi uşaq infeksiyalarını keçirməyə bilərsiniz. Bunlara qarşı peyvənd etdirməyiniz vacib ola bilər.

Mütəmadi olaraq müayinələrdən keçməyi unutmayın. Hamilə qaldıqdan sonra həkiminiz müəyyən fasilələrlə sizi müayinə edib körpənizin sağlamlığı və inkişafını qiymətləndirəcəkdir. Bu yoxlamalarda həkiminiz bəzi testlər edəcəkdir. Bu testlər normal bir hamiləlik və körpə üçün çox mühümdür.

Ağlınıza gələn sizi narahat edən hər bir sualı həkiminizə verin. Həkiminizin bir vəzifəsi də hamiləlik boyu sizə rəhbərlik etmək, sizi məlumatlandırmaq və sizi düzgün istiqamətləndirməkdir.

Stomatoloqunuza baş çəkin. Diş çəkilməsi və plomb kimi müalicələrinizi hamiləlikdən əvvəl etdirməyiniz məqsədəuyğundur. Hamiləlik dişlərinizə mənfi təsir göstərə bilər.

Qidalanmanıza və çəkinizə diqqət edin

Qidalanma piramidasına diqqət yetirin. Qidalanma vərdişlərinizi yenidən nəzərdən keçirin. Hamiləlik boyu bəzi qida maddələrinə qarşı tələbatınızın artacağını unutmayın.

Yağ və şəkər istifadəsini azaldın. Hamiləlik artıq kalorilərdən imtina etmək üçün ideal bir mərhələdir. Qidalarınızı yüksək qida dəyəri olan maddələrdən seçin.

Hamilə qalmamışdan əvvəl ideal çəkinizdə olmağa çalışın. Artıq çəki hamiləliyə mənfi təsir edə bilər. Digər tərəfdən də uzunmüddətli pəhriz saxlamaq hamiləliyə sağlam bir başlanğıc üçün zəruri olan bəzi qida maddələrinin kifayət qədər almamağınıza səbəb ola bilər. Həm aşağı çəki, həm də artıq çəki hamilə qalma ehtimalını azalda bilər. Hamilə qaldıqdan sonra arıqlamağa çalışmayın. Bunu yaddan çıxarmayın.

Fol turşusu qəbul edin. Hamilə qalmamışdan əvvəl qəbul etməniz vacib olan yeganə vitamin fol turşusudur. Digər vitamin və mineralların da qəbul etməyinizə ehtiyac olub olmadığını həkiminizdən soruşun.

İdmanla məşğul olun. İdman həm əzələlərinizi gücləndirərək sizi hamiləliyə hazırlayır, həm də hamiləlik zamanı ortaya çıxa biləcək bəzi fəsadları azaldır.

Kifayət qədər su için. Su həm körpənizin, həm də sizin üçün ən əhəmiyyətli qida maddəsidir.

Zərərli maddələrdən uzaq durun

Kimyəvi maddələr və bəzi ətraf mühit amilləri hamilə qalma şansınızı azalda bilər və ya hamiləlik dövründə körpəniz üçün zərərli ola bilər. Qurğuşun, ağır metallar, azbest, radiasiya kimi bir çox zərərli amillər gündəlik həyatımızda qarşılaşa biləcəyimiz amillərdir. İş yerinizdə zərərli ola biləcək ətraf mühit amilləri haqqında hamilə qalmamışdan əvvəl həkiminizə danışın. Toksik təsiri ola biləcək maddələrlə təmasda olmaqdan uzaq durun.

Siqareti atın. Siqaret sonsuzluğa səbəb ola biləcəyi kimi, hamiləlikdə dölün ölümü başda olmaqla bir çox probləmlərə səbəb ola bilər.

Spirtli içki qəbul etməyin. Etil spirti körpə üçün olduqca təhlükəli bir maddədir. Döldə beyin zədələnməsinə səbəb ola bilər. Kafein qəbulunu azaldın. Hədsiz miqdarda qəbul edilən kafein hamilə qalmağa mane ola bildiyi kimi, dölə təsirləri də məlum deyildir.

Bədən temperaturunuza diqqət edin. Sauna, isti vanna, hədsiz məşqlər kimi bədən temperaturunuzu yüksəldəcək amillər erkən dövrlərdə düşüklərə səbəb ola bilər.

İstirahət edin və rahatlanın

Uzun və yorucu bir  dövrə hazırlaşırsınız. Bu səbəbdən rahatlanmalısınız. Hədsiz stress və gərginlik hamilə qalmaq şansınızı azalda bildiyi kimi, inkişaf etməkdə olan körpəniz üçün də ideal olmayan bir vəziyyət yaradır.

Hamilə qaldığınız zaman  istirahətə həmişəkindən çox ehtiyac duyacaqsınız. Bədəniniz sizi bu barədə  xəbərdar etmədən bir müddət idarə edəcək, lakin  taqətdən düşdüyü zaman özünüzə gəlməniz daha çətin olacaqdır. Buna görə indidən özünüzə vaxt ayırın.

Turab Canbaxışov