Aybaşı tsiklı ilk aybaşıdan (menarxe)  son aybaşıya (menopauza) qədər keçən müddətdə aybaşı qanaxması ilə xarakterizə olunan, məqsədi  mayalanma ilə  nəslin davamı olan və bütün bədənə təsir göstərən hadisələr zənciridir. Aybaşı tsiklı  və ya  aybaşı dövrü bir aybaşı qanaxmasının  ilk günündən növbəti aybaşı qanaxmasının ilk gününə qədər keçən vaxtdır.Aybaşı dövrü deyildiyi zaman qanaxmalı olan müddət və ya qanaxmasız  olan müddət başa düşülmür.

Normal tsikl nədir?

Normal tsikl 21-35 gündə bir olan (orta hesabla 28 gün) ,qanaxmanın 2-8 gün arasında çəkdiyi və 20-80 ml qanaxma ilə xarakterizə olunan bir dövrdür.

Aybaşı tsiklı beyin-yumurtalıqlar-uşaqlıq sistemi tərəfindən nəzarət edilən qarışıq bir dövrandır.

Aybaşı tsiklı neçə dövrə ayrılır?

Aybaşı dövrünün ovulyasiyayadək olan hissəsi yumurtalıqlarda follikullar inkişaf etdiyi  üçün “follikulyar faza” və ya endometrium qalınlaşdığı üçün “proliferativ faza” adlanır. Ovulyasiyadan sonra isə “luteal faza” və ya “sekretor faza” adlandırılır.

Aybaşı görmək üçün lazım olan  şərtlər

  1. Beyindən hormon ifraz olunmalıdır;
  2. Beyindən ifraz olunan hormonlara cavab olaraq hipofizdən hormon ifraz olunmalıdır;
  3. Yumurtalıqlarda follikullar olmalıdır və bu follikulların hormon ifraz etmə qabiliyyəti olmalıdır;
  4. Endometrium olmalı və bu hormonlara qarşı həssas olmalıdır;
  5. Yaranan qanın xaric olmasına mane olacaq bir anomaliya olmamalıdır;

İlk menstruasiya (aybaşı)

Uşaqlıqdan yeniyetməliyə keçidin son mərhələsi olan ilk aybaşının neçə yaşında olacağını əvvəlcədən dəqiq bilmək mümkün deyil. Bu irqlərə və ekoloji faktorlara görə müxtəliflik göstərir. İlk aybaşı ölkəmizdə əsasən 11-14 yaşları arasında olur. 16 yaşına qədər aybaşı görməyən  və ikincili cinsi əlamətlər adlandırılan süd vəzilərində böyümə, qasıq və qoltuqaltında tüklənmə kimi  əlamətləri olmayan qadınlar mütləq bir ginekoloqa müraciət etməlidirlər. Bəzi müəlliflərlər  ikincili cinsi əlamətlərin inkişaf etdiyi hallarda ilk aybaşı üçün 19 yaşına qədər gözlənilə biləcəyini deyirlər. İlk aybaşıdan sonrakı dövrdə tsikllar nizamsız olur. Bu tsikllarda  əsasən ovulyasiya olmur (anovulyator tsikl). Bəzən ayda 2 dəfə, bəzən də 3-4 ayda bir qanaxma müşahidə olunur. Bunların hamısı normal haldır. Aybaşının və ovulyasiyanın nizamlı olması 2 ilə qədər çəkə bilər.

Aybaşı pozğunluğu nə deməkdir?

Aybaşı dövrü əksər qadında 4-7 gün arasında çəkir və əsasən hər 28 gündən bir təkrarlanır. Lakin, 21 gündən 35 günədək (bəzi mənbələrdə 24-34 gün olaraq göstərilir)  çəkən aybaşı tsiklı normal olaraq qəbul edilir.

Anormal və ya nizamsız aybaşı olaraq qəbul edilən bəzi hallar isə aşağıdakı kimidir:

  • 21 gündən qısa və 35 gündən uzun fasilələrlə olan aybaşılar;
  • Ard-arda 3 və ya daha çox aybaşının olmaması;
  • Aybaşı qanaxmasının normadan çox az və ya çox olması;
  • 7 gündən uzun çəkən, ağrı, sancı, qusma ilə birlikdə olan aybaşılar;
  • Aybaşılar arasında qanaxmanınçox olması;
  • Cinsi əlaqədən sonra qanaxmanın olması və menopauzadan sonra meydana gələn qanaxmalar;

Düz bağırsaqdan meydana gələn qanaxmalar (ishal, kolit, babasil düyünü və digər səbəblərlə olar bilər) aybaşı qanaxması ilə səhv salına bilər. Qanaxmanın haradan gəldiyini bilmək üçün bir neçə gün tampondan istifadə edə bilərsiniz.

Aybaşı pozğunluğunu müəyyən etmək üçün;

  • Aybaşı tsiklının nə vaxt başlayıb, nə vaxt bitdiyini qeyd edin;
  • İstifadə edəcəyiniz gigiyenik bez və ya tamponun sayını qeyd edərək aybaşı dövründə nə qədər qanaxmaolduğunu müəyyən edə bilərsiniz;
  • Aybaşı dövrləri arasında və ya cinsi əlaqədən sonra qanama olub-olmadığına diqqət etdin;
  • Aybaşı ilə bağlı  anormal halları qeyd edin;

Aybaşı pozğunluğu nə üçün baş verir?

Qadınların əksəriyyəti ilboyu 11-13 dəfə  aybaşı qanaxması görürlər. Bu rəqəmə yaxın göstəricilər (1-2 az və ya daha çox)  normal olaraq qəbul edilir. Bu səbəbdən, aybaşıpozğunluğu ancaq sizin üçün normal olan göstəricilərə baxıldıqdan sonra qiymətləndirilə  bilər. Aybaşı dövrü, aybaşı olduqdan sonrakı ilk bir neçə il boyunca tez-tez  pozula bilər.  Aybaşı tsikllarının normal zamanlanması üçün aybaşını təmin edən hormonların tarazlaşması lazımdır.Eyni hal aybaşının başa çatmağa yaxınlaşdığı “perimenopauza” və “menopauza” dövrləri üçündə də etibarlıdır.  Son aybaşıdan 12 ay keçdikdən sonra menopauza dövrü başlayır.

Aybaşıpozğunluğunun səbəbləri

 Aşağıdakı siyahıda  aybaşıpozğunluğuna səbəb olan bəzi hallar və sağlamlıq şərtləri göstərilmişdir. Lakin bu siyahıda olmayan bəzi digər xəstəliklər də aybaşı pozğunluğuna səbəb ola bilir. Bu səbəbdən, tez-tez aybaşı pozğunluğu baş verən qadınlar  bunun əsasında dayanan səbəblərin dəqiq müəyyən edilməsi və düzgün müalicə edilməsi üçün bir həkimə müraciət etməlidirlər.

Aybaşı pozğunluğuna və ya anormallığına səbəb olan aşağıdakı hallar və xəstəliklərdən başqa, aybaşının tamamilə dayandığı “amenoreya”  halı  mövcudddur. Hamilə olmayan, əmizdirməyən və menopauza keçirməyən qadınlarda  90 gündən çox  çəkən “amenoreya”  (aybaşının olmaması)  anormal olaraq qəbul edilir.Süd vəziləri inkişaf etməyə başladıqdan sonrakı 3 il ərzində və  ya 15-16 yaşında aybaşı olmadıqda “aybaşının olmaması ”  halı ilə qarşı-qarşıya qalınır.

Aybaşıpozğunluğunun bəzi səbəbləri aşağıdakı kimi sadalana bilər: 

Stress: Hədsiz çəki alma və ya zəifləmə, kifayət qədər qidalanmama və aşağı kalorili pəhriz proqramları, məşqlərdə edilən dəyişikliklər, gərginlik, xəstəliklər, səyahət və gündəlik həyata təsir göstərən dəyişikliklər aybaşı pozğunluğuna  səbəb ola bilir.

Doğuma nəzarət həbləri: Doğuma nəzarət həblərinin əksəriyyəti estrogen və progesteron hormonlarının (bəziləri yalnız progesterondan ibarətdir)  kombinasiyasından ibarətdir. Bu həblər yumurtalıqların yumurta hüceyrəni xaric etməsinə mane olaraq  hamiləliyin qarşısını alırlar.Doğuma nəzarət həblərinin qəbulu aybaşıpozğunluğuna səbəb ola bilir. Aybaşıların nizamlanmasıhəblərin qəbulu dayandırıldıqdan sonra 6 aya qədər çəkə bilər.  Yalnız progesterondan ibarət həbləri qəbul edən qadınlar aybaşı aralarında qanaxma ilə qarşılaşa bilərlər.

 Uşaqlıq polipləri və ya miomaları: Uşaqlıq polipləri uşaqlığın daxili təbəqəsində aşkar olunan  kiçik (xərçəng olmayan) şişlərdir. Miomalar isə uşaqlıq divarına  yapışmış halda aşkar olunan şişlərdir.  Ölçüləri 0.5 mm-dən 10-15 santimetrə qədər ola bilir. Miomalar əsasən xoşxassəlidir, lakin ağır qanaxmalar və ağrıya səbəb ola bilirlər. Mioma  böyüklüyündən asılı olaraq sidik kisəsi və ya anusa  təzyiq göstərə bilir.

Endometrioz:Uşaqlığı örtən və hər ay aybaşı ifrazatı ilə birlikdə xaric olan endometrial toxuma, uşaqlıq xaricində böyüməyə başladığında “endometrioz” aşkar olunur. Endometrial toxuma yumurtalıq, alt həzm sistemi, düz bağırsaq və uşaqlıq arasındakısahə, bağırsaq, uşaqlıq boruları və ətrafdaki digər orqanlar üzərində böyüyə bilər.Endometriozun simptomları arasındaaybaşı pozğunluğundan başqa, spazm, cinsi əlaqə zamanı ağrı, anormal qanaxma,aaybaşıdan  əvvəl və sonra ağrıların olmasıdır.

Çanağın iltihablı xəstəlikləri: Qadının cinsiyyət sisteminə təsir göstərən “çanağın iltihablı xəstəliyi” bakterial bir infeksiyadır. Cinsi təmas yolu ilə vaginaya girən bakteriyalar, uşaqlıq və yuxarı cinsiyyət sisteminə yayıla bilirlər. Bu bakteriyalar  həmçinin uşaqsalma, doğuş və abort əməliyyatı zamanı da cinsiyyət orqanlarına yoluxa bilirlər. Simptomları arasında aybaşı pozğunluğu, vagina bölgəsində xoşa gəlməyən qoxu,çanaq sümüyündə ağrı,aşağı qarın nahiyyəsində ağrı, temperatur, ürək bulanma, qusma, ishal və vaginal ifrazat vardır.

Polikistoz yumurtalıq: Polikistoz yumurtalıq sindromunda yumurtalıqlar normadan çox androgen (kişilik hormonu) istehsal edir. Bunun nəticəsi olaraq maye dolu kisələr (kistalar) yarana bilir. Yüksək miqdarda androgen yumurta hüceyrənin formalaşmasının qarşısını alır və ovulyasiya (yumurta hüceyrənin xaric olması) baş vermir. Bu hal əsasən piylənmə, sonsuzluq, hirsutizm (həddindən artıq tüklənmə) ilə əlaqədardır.

Erkən yumurtalıq çatışmazlığı: Bu hal əsasən 40 yaşdan aşağı,yumurtalıqları funksiyalarını tam yerinə yetirə bilməyən qadınlarda aşkar olunur. Aybaşı qanaxmaları nizamsız olur və ya heç olmur.Adətən genetik olsada,  kimyəvi terapiya və şüa terapiyasından sonrada yarana bilər.

Aybaşı pozğunluğunun  digər səbəbləri:

  • Hədsiz çəki artımı və ya çəki itkisi;
  • Hədsiz məşqlər;
  • Endometrial hiperplaziya (uşaqlıq daxili qatının qalınlaşması);
  • Uşaqlıq xərçəngi;
  • Qalxanabənzər vəzi problemlər;
  • Diabet;
  • Qaraciyər sirrozu;
  • Sistem qırmızı qurdeşənəyi (lupus);
  • Hamiləlik ağırlaşmaları (uşaqsalma və  uşaqlıdan kənar hamiləlik);
  • Estrogen dəstəkləri;
  • Qan durulaşdırıcı dərmanların qəbulu;
  • Doğuma nəzarət üçün uşaqlıqdaxili vasitələrdən istifadəsi;
  • Steroidlər;
  • Antidepressantların qəbulu;
  • Estrogen və/və ya progesteronun balansının pozulması;

Tamponlar infeksiyaya səbəb olmaması üçün gündə ən azı iki dəfə dəyişdirilməlidir. Aspirin kimi bəzi dərmanların qanaxmanı artıra bildiyi üçün aybaşı günlərində qəbulu məsləhət görülmür. Menstruasiya günləriniz çox ağrılı keçirsə, münasib ağrıkəsicilər üçün həkiminizlə məsləhətləşə bilərsiniz.

Turab Canbaxışov