Bakı, 4 aprel, Günel Məlikova, AZƏRTAC

Son zamanlar media və sosial şəbəkələrdə bəzi həkimlərin reklam xatirinə kesar kəsiyi əməliyyatı ilə ana olmuş xanımlara sonrakı doğuşlarının təbii üsulla keçirilməsinə çağırış xarakterli yazı və verilişlər görürük. Bu qətiyyən səhvdir. Kesar kəsiyi əməliyyatından sonra təbii doğuşun aparılması həddindən artıq təhlükəlidir. Bu doğuş, uşaqlığın cırılmalarına səbəb ola bilər ki, bu da uşağın itirilməsi ilə yanaşı ananın da ölümünə səbəb ola bilər. Kesar kəsiyi əməliyyatı üsulu ilə ana olmuş xanımların bu üsuldan ikinci dəfə istifadə etməsi, təbii doğuşa gedib böyük riskləri almaqdan, tibbi baxımından daha məqsədə uyğundur. Hətta uşaqlığının zədə gördüyü, hansısa bir əməliyyata məruz qalmış qadının təbii doğuşa yönləndirilməsi belə böyük bir həyati risk daşıya bilər.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib.

-Sonsuzluq nədir? Bu problemin yaranma səbəbləri və müalicəsi haqqında nə deyə bilərsiniz?

-Bütün dünyada qəbul olunan standarta əsasən ailə qurulduqdan bir il sonra ərlə arvadın bir yerdə yaşadığı və qorunmadığı halda hamiləlik yoxdursa bu ailəyə sonsuz diaqnozu qoyulur. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Bu diaqnoz qoyulduqdan sonra səbəbi araşdırılır və müvafiq müalicə üsulu ilə aradan qaldırılmağa çalışılır. Bunun müxtəlif səbəbləri ola bilər. Dünyada aparılan statistik araşdırmalar nəticəsində bəlli olub ki, hər 100 sonsuz ailənin təxmini 40 faizində problem qadınlarda, 40 faizində isə kişilərdədir. Geri qalan 20 faiz hallar isə səbəbi məlum olmayan sonsuzluqdur. Bu da bütün tibbi yoxlamalarda heç bir əks göstəricinin olmamasına baxmayaraq hamiləliyin baş tutmaması deməkdir. Belə qadınların hamilə qalacaqları istisna edilmir, sadəcə burada köməkçi vasitələr lazımdır.

Xanımlarda hamiləliklə bağlı problem adətən yumurtalıqlarda follikulların yetişməməsi və ya borularla əlaqələndirilir. Borularda olan problemlər iltihab, tutulma və ya keçirilmiş əməliyyat nəticəsində əmələ gələn bütünlük və ya keçiriciliyin pozulmasıdır. Bu da əməliyyatla bərpa olunur. Yumurtalıqlarda bəzən sikl pozğunluqları olur ki, bu da cüzi tibbi müdaxilə ilə bərpa oluna bilər. Bundan əlavə səbəblərdən biri də uşaqlıqda yaranan qüsurlar da ola bilər. Belə qüsurlar yaranma səbəbi və növündən asılı olaraq müalicə olunur.

Kişilərdə isə bu problemin səbəbi spermioqrammada zəiflik ola bilər ki, bu da zəiflik dərəcəsindən asılı olaraq müayinə və müalicə edilir.

Sonsuzluğun aradan qaldırılması istiqamətində heç bir vasitə kömək etmədikdə isə inseminasiya və yaxud da bir sonrakı mərhələdə süni mayalanma üsulundan istifadə edilir. Lakin unutmaq olmaz ki, ən etibarlı müalicə üsulu sayılan süni mayalanma belə 100 faiz hamiləlik sığortasını vermir. Belə ki, kənarda yetişdirilmiş döl uşaqlığın içinə yerləşdirildikdə orada inkişaf etməyə bilər. Bu nə qadının orqanizmindən, nə də həkimin təcrübəsindən asılı deyil. Bu üsulun müvəffəqiyyəti təxmini 40 faizdir. Süni mayalanma nəticəsində hər 2-3 nəfərdən yalnız biri hamilə qalır.

Ümumiyyətlə sonsuzluq diaqnozu qoyulan insanların 80 faizi övlad sahibi olur.

-Son zamanlar ən çox rast gəlinən ginekoloji problemlər hansılardır? Bu xəstəliklər, onların diaqnostikası və müalicəsi barədə nə deyə bilərsiniz?

-Bu xəstəlikləri iki qrupa, yəni bədxassəli və xoşxassəlilərə ayıra bilərik. Hazırda ən çox yayılmış ginekoloji xəstəliklər iltihab mənşəli olanlardır. Bunlara da hər 2-3 qadından birində rast gəlinir. Bu müalicə olunan haldır. Çox rast gəlinən problemlərdən qanaxma və ya menstrual disfunksiyaları da qeyd etmək lazımdır. Bu problemlər də regional qidalanmadan asılıdır, çəkinin normadan artıq olması bu növ problemlərə də səbəb ola bilər. Daha bir səbəb də uşaqlığın polipi, mioması və ya fibromioması dediyimiz xoşxassəli şişlər də ola bilər. Buna da dünya statistikasında olduğu kimi Azərbaycanda da hər 4 qadından birində rast gəlinir.

Bədxassəli xəstəliklərdən isə qadınlar arasında uşaqlıq boynu xərçəngi daha çox yayılıb. Bu səbəbdən 21 yaşdan sonra hər bir xanımın ildə bir dəfə Pap-Smear Testdən keçməsi vacibdir. Bu test vasitəsilə hətta uşaqlıq boynunun xərçənginin yaranma ehtimalının da təyin etmək mümkündür. Bu testin genişmiqyaslı aparılmaması xərçəngin bu növünün digərlərinə nisbətən yaranma ehtimalı daha çoxdur.

-Papilloma nədir? Bu xəstəliyi xərçəngin başlanğıc mərhələsi hesab etmək nə dərəcə doğrudur?

-Papilloma bir virusdur. Ümumiyyətlə virusun yaranması ehtimal olunduqda nümunə alınaraq genetik analizə göndərilməlidir. Virusun mövcudluğu xəstənin illik həkim nəzarətində olmasını tələb edir. Bu növ virusları 90-95 faiz halda immunitetin özü müalicə edir. Əks halda uşaqlıq boynunda dəyişikliklər əmələ gəlir. Lakin bu o dəqiqə xərçəngin əmələ gəlməsi demək deyil. Bu dəyişikliklər də Pap-Smear Test vasitəsilə müəyyən edilir. Vaxtında qoyulan diaqnoz zamanında başlamış müalicə deməkdir. Belə olduğu təqdirdə bu virusdan əziyyət çəkənlərin yalnız 2-3 faizində xərçəngin yaranma ehtimalı ola bilər ki, bu da virusun uşaqlıq boynuna yerləşməsindən 10-15 il sonra inkişaf edir. Təcrübəli həkim nəzarətində müalicənin düzgün aparıldığı halda papilloma virusu aşkar olunan xanımda 1-1.5 il sonra bu infeksiyanın tamamilə yox olduğunu müşahidə etmək mümkündür. Müalicənin düzgün aparılmaması və yaxud həkim məsləhəti olmadan istifadə edilən dərmanlar, o cümlədən şamlar xəstəliyin xroniki hal almasına və yaxud daha da kəskinləşməsinə səbəb ola bilər.

-Doğuş və abortlar və onların sayının orqanizmə mənfi təsiri varmı?

-Tibbdə uşaq sayının orqanizmə mənfi təsiri haqqında dəqiq sübut olunmuş bir nəzəriyyə yoxdur. Lakin erkən yaşda, yəni 21 yaşın altında olan xanımlarda abortların olması uşaqlıq və qadın cinsiyyət orqanları ilə yanaşı süd vəzilərində də böyük fəsadlar yarada bilər. Düzgün olunmayan abort isə iltihabi proses, infeksiya, uşaqlığın anatomik cırılmaları və yaxud deşilmələrinə gətirib çıxara bilər. Abortların sayına gəldikdə isə, əlbəttə ki, bir orqana nə qədər çox müdaxilə olunursa onun gələcəkdə xəstəliklərə məruz qalma ehtimalı da bir o qədər də artır. Bu səbəbdən xüsusilə 21 yaşın altında olan xanımlarda abortların olunmaması daha uyğundur, yəni bu problem ailə planlanması yolu ilə həll olunmalıdır, qorunma vasitələrinin istifadəsiylə. Ailədəki uşaq sayı tamamlandıqdan sonra hamiləliyin olmaması üçün ilk növbədə ailələr mütləq özləri üçün qorunma üsullarını müəyyən etməlidirlər. Dünya təcrübəsi də onu göstərir ki, ailədə uşaq sayının tənzimlənməsi üsullarının düzgün seçildiyi ölkələrdə abortların sayı da dəfələrlə aşağıdır.

Doğuşların sayına gəldikdə isə məlum olduğu kimi dünyaya uşaq gətirmək iki, yəni təbii və kesar kəsiyi əməliyyatı üsulları ilə mümkündür. Hər iki üsulun həm ana həm də uşaq üçün özünəməxsus mənfi və müsbət təsirləri var. Doğuş sayları haqda isə onu deyə bilərəm ki, burada rəqəmdən əvvəl xanımın həyat tərzi və özünəqulluq daha çox əhəmiyyət daşıyır. Burada iki nümunə vermək olar. Misal üçün, iki xanım beş uşaq anasıdır. Lakin bunlardan biri aralıqsız, yəni ildə bir uşaq dünyaya gətiribsə əlbəttə ki, onun orqanizmi digərinə nisbətən daha zəif olacaq. Belə ki, bu qadının orqanizmində böyük miqdarda mineral və vitamin çatışmazlığı qaçılmazdır. Bundan əlavə doğuş əsnasında zədə görmüş orqanların bərpa olması üçün zamanın olmaması daha böyük zədələrə səbəb ola bilər. Ümumiyyətlə hamiləlik aralığı ortalama iki il olmalıdır və hamilə qadın özünün qidalanmasına, çəkisinə, aldığı kalorilərin miqdarına və fiziki aktivliyinə çox ciddi diqqət yetirməli və mütləq həkim nəzarətində olmalıdır.

Onu da qeyd edim ki, gec yaşda uşaq dünyaya gətirməyin orqanizmi cavanlaşdırdığı fikri də çox səhvdir.

www.azertag.az