Hamilə bir qadının günün hər hansı bir vaxtında, heç bir səbəb olmadan  birdən burnunun qanamağa başlaması heç də nadir rastlanan bir hal deyildir. Bu qanaxmalar bəzən bir neçə damcı, bəzən isə çox daha şiddətli ola bilir. Qanaxmalar bəzi qadınlarda arabir müşahidə olunarkən, bəzi qadınlarda isə demək olar ki hər gün baş verir. Təkrarlanan burun qanaxmaları hamiləlikdə tez-tez rastlanan şikayətlərdən biridir və narahatedici olmağına baxmayaraq,   əksər hallarda gələcək ana və körpənin sağlamlığına heç bir zərər vermir.

Hamilə olsun və ya olmasın demək olar ki, hər kəs həyatının müəyyən bir dövründə burnundan qan gəlməsi halı ilə qarşılaşır. Çox nadir hallarda isə fərdi və ətrafındakıları təşvişə salacaq  qədər şiddətli qanaxmalar ola bilir.

Hamiləlikdə nə üçün burun qanayır?

Normal insanlara görə hamilələrdə burun qanaxmasına daha çox rastlanır. Bunun əsas səbəbi hamiləlik zamanı damarlarda dövr edən qanın miqdarının artmasıdır, Qan miqdarı artdıqca burnun selikli qişasındakı  nazik və səthi qan damarlarının məruz qaldığı təzyiq də təbii olaraq artır.  Arabir  bu nazik damarlar artan təzyiqə tab gətirmir və damar divarı yırtılaraq qanamağa səbəb olur. Burun seliyinin quru qalması, şiddətli fınxırma, burnu və ağızı tıxayaraq  asqırma kimi amillər də təzyiqin artmasına səbəb olaraq qanaxmaya təkan verir.

Hamiləlikdəki burun qanaxmalarının əsas səbəbi qanın həcminin artması,daha sonra ən çox stimulyasiya edən səbəb isə burnun  selikli qişasının  xroniki quruluğudur. Həmçinin, siqaret çəkmək də damarların həssaslığını artırır.

Burun qanaxmasının təsirləri nələrdir?

Hamiləlik zamanı burun qanaxması qadınların nə özləri, nə də körpələri uçun  təhlükəli deyil. Əksər hallarda qanaxmanın miqdarı olduqca az olur.  Çox nadir hallarda isə ya öz-özünə və ya görülən sadə tədbirlərlə bu  qanaxmanın qarşısı alınır.

Qanaxma halında nə etmək lazımdır?

  • Əvvəlcə  oturmaq lazımdır. Uzanmaq- ürək ilə burun demək olar ki, eyni səviyyəyə gələcəyi üçün məsləhət görülmür.
  • Burun kökünün, yəni burun kəmərinin üzərindən qüvvətli şəkildə basaraq təxminən 10 dəqiqə gözləmək lazımdır. Daha az müddət basaraq saxlayanda bu müddət qanın laxtalanması üçün yetərli olmaya bilər və qanaxma dayanmaya bilər.
  • Burun kökünə buz qoyduqda bu damarların büzüşməsinə səbəb olur və qanaxma dayanır.
  • Qanaxma davam edərkən uzanmağınız qanın udlağa  doğru axmasına səbəb olur. Bu zaman qanın udulması ürəkbulanma və qusmaya səbəb olur.
  • Qanaxma dayandıqdan sonra təxminən 10-12 saata qədər fınxırmamağa diqqət göstərin.

Burun qanaxmasının qarşısı alına bilərmi?

Görüləcək bəzi sadə tədbirlər ilə burun qanaxmalarının qarşısı alına bilər. Bunlar :

  • Çox şiddətli şəkildə fınxırmamaq
  • Asqırarkən ağız və burnu tutmamaq
  • Xüsusilə gecə yatarkən havanın qurumasının qarşısını almaq lazımdır. Bunun üçün xüsusilə qış aylarında qızdırıcıların üzərinə geniş bir qabda su qoymaq və ya soyuq buxar aparatı  ilə otağın rütubətini artırmaq kifayət edir.
  • Burun seliyinin qurumasının qarşısını almaq üçün buruna  duzlu su və ya dəniz suyu tökmək lazımdır.
  • Kifayət qədər maye qəbul etmək və bol su içmək.
  • Əlavə C vitamini qəbul etmək damarların quruluşunu gücləndirərək qanaxmaların azalmasına kömək olur. Bunun üçün gündə 250 mq C vitamini qəbul etmək  kifayətdir. Həkiminizlə bu məsələni məsləhətləşə bilərsiniz.

Burun qanaxması necə müalicə edilir?   

Burun qanaxmaları əsasən xəstəxanada  müalicəyə ehtiyac olmayan problemlərdir.  Lakin sadə tədbirlər görülməsinə baxmayaraq dayanmayan və ya  tez-tez təkrarlanan qanaxmalar olduğu halda tibbi müdaxilə  lazım ola bilər.  Qanaxmanın dayanmadığı hallarda burnun içinə  tampon  qoyulması əsas müalicə tədbiridir. Və ya dayanmayan və  tez-tez təkrarlanan qanaxmalarda qulaq-burun-boğaz həkimləri tərəfindən bəzi kimyəvi maddələr istifadə olunaraq açıq damar uclarının bağlanması metodu tətbiq olunur.

Turab Canbaxışov