Ana ilə yeni doğulmuş körpəsi arasında ən güclü əlaqələr əmizdirmə ilə qurulur. Əmizdirmənin ana və körpənin  sağlamlığına olan faydaları şübhəsizdir. Son zamanlarda  istehsal edilən süni qidalar ana südünə yaxın qidalandırıcı xüsusiyyətlərə sahib olsa da südvermə doğuşdan sonra ilk 6 ayda vacibdir. Bu,ideal şərtlərdə həyata keçirildiyində hamiləlikdən  qorunma baxımından da olduqca təsirli bir üsuldur.Südün hamiləlikdən qoruduğu xalq arasında yayılmış bir inanc olmaqla bərabər daha əvvəl də dediyimiz kimi bir sıra kriteriyalara riayət etmədikdə bu qoruyuculuq çox aşağı səviyyələrə enə və təəssüf ki, qadın yenidən hamilə qala bilər. Nəticədə, əmizdirən və hamilə olan bir qadın bu dəfə hər iki körpəsindən narahat qalacaqdır.Əmizdirərkən hamilə qalmaq güman edildiyi qədər nadir görülən bir hal deyil.Bu hamiləliklərin  çoxu plansız hamiləliklər olduğundan adətən  sonlandırılır.Anaların  bu yeni hamiləliyi sonlandırmaq istəmələrinin əsas səbəbi  çox  kiçik,qayğıya möhtac olan və əmizdirməyi istədikləri bir körpələrinin  olmasıdır.

Xalq arasında yayılmış və bəzi həkimlər tərəfindən də söylənən fikirdə əmizdirən bir qadın hamilə qalarkən əmizdirməyə davam edərsə bu,düşük ya da vaxtından əvvəl doğuşa səbəb ola bilər,hətta ana qarnında inkişaf etməkdə olan körpənin inkişafına mənfi təsir edəcəyi,südün keyfiyyətinin  pozulması səbəbi  ilə də südəmər uşağın qidalanmasının kifayət qədər olmaması səbəbindən əmizdirməyə  son verilməsinin lazım olduğu deyilirdi.Lakin  son illərdə aparılan tədqiqatlar bu fikirlərin doğru olmadığını göstərir.Südün xaric olmasını təmin edən  hormon olan oksitosin eyni  zamanda uşaqlıq yığılmalarına da təsir edir.Ancaq əmizdirmənin uşaqlıqda yüngül yığılmağa səbəb olmaqdan əlavə  düşüyə və ya  vaxtından əvvəl doğuşa gətirib çıxardığına dair hər hansı bir elmi sübut yoxdur.

Hamiləlik zamanı əmizdirmənin ana qarnındakı uşağın inkişafına mənfi təsiri və hətta “zəhərləməsi” haqqında  fikir bir inanc olmaqla bərabər, tamamilə əfsanədir və həqiqətlə heç bir əlaqəsi yoxdur. Südün keyfiyyətində  və immun sistemə təsir edən tərkibində bir qədər azalma müşahidə olunsa da bu miqdar körpənin ehtiyaclarını qarşılamaq üçün kifayətdir.

 Hamiləlik zamanı əmizdirmənin ən başlıca mənfi cəhəti  anaya verdiyi əlavə yorğunluq və halsızlıqdır. Ananın  daha çox istirahətə ehtiyacı var. Bununla bərabər həm özü, həm əmizdirdiyi,həm də qarnında inkişafına davam edən körpənin qidalanma ehtiyaclarını qarşılamaq məcburiyyətindədir. Bu səbəblə qidalanmasına  çox diqqət etməlidir. Gündəlik  kalori ehtiyaclarını azaltmamalı,digər tərəfdən də nəzarətsiz şəkildə kökəlməməlidir.

Hamiləliyin  ikinci üçaylıq müddətinə girərkən süd miqdarında azalmanın  olması normaldır. Belə bir vəziyyətdə əgər ilk uşaq hələ əlavə qidalara keçməmişsə süd kifayət etməyəcəyi üçün körpənin qidalanması pediatr tərəfindən dəyərləndirilməli və əlavə  qidalara başlanılmalıdır.

Bu dövr üçün qəbul edilən ümumi fikir, düşük təhlükəsi,vaxtından əvvəl doğuş riski,mərkəzi cift gəlişi kimi əlavə bir risk faktorunun olmaması və ananın süd vermək istəməsi halında,müvafiq qidalanmanın  təmin edilməsi ilə əmizdirməyə hamiləliyin sonuna qədər icazə verilə bilər. Doğuşdan sonra hər iki uşaq da əmizdirilə bilər.Müxtəlif yaşlarda iki uşağın əmizdirilməsi metoduna “Tandem Nursing” adı verilmişdir və bunun qidalandırmadakı artmadan əlavə heç bir mənfi cəhəti yoxdur.

Turab Canbaxışov