
Heç şübhəsiz, hamilə olduğunuz müddətdə ətrafınızda olan bütün qadınlar özlərinin yaşadıqları doğuş prosesi barəsində sizə danışacaqdır, bəziləri həddindən çox əziyyət çəkdiklərini, bəziləri də çox rahat şəkildə doğduqlarını deyəcəklər. Həmin hekayələrin ortaq tərəfi isə danışılanların heç birinin digəri ilə eyni olmamasıdır. Həqiqətən də doğuş prosesi xüsusi haldır. Müxtəlif qadınlarda fərqli şəkillərdə olduğu kimi eyni qadında doğuşlar müxtəlif ola bilər.
Doğuş prosesinin müxtəlif olmasına baxmayaraq doğuşun xəbərdaredici əlamətləri əsasən oxşar olur. Hər qadında bütün əlamətlər olmaya bilər, amma mövcudluğu doğuşun bir neçə gün ilə bir neçə həftə arasında baş verəcəyini göstərir.
Yüngülləşmə: Körpənin aşağıya enməsi
Hamiləliyinizin son dövrlərində nəfəsalmada çətinlik çəkməniz normal bir haldır. Körpənizin diafraqma əzələsini kifayət qədər yuxarıya tərəf itələməsi və döş qəfəsinin həcmini azaltması bunun başlıca səbəbidir. Doğuş yaxınlaşarkən körpənin başı doğuş kanalına tərəf enir. Bunun sayəsində də diafraqmanıa və döş qəfəsinə olan təsir azalır. Artıq daha rahat nəfəs alıb verdiyinizi və sanki yüngülləşdiyinizi hiss edə bilərsiniz. Digər tərəfdən də körpənin başının aşağıya tərəf enməsi sidik kisəsi üzərindəki təsirin artmasına səbəb olur. Bunun nəticəsində də hamiləliyin ilk dövrlərində olduğu kimi tez-tez sidiyə getmə ehtiyacınız artar.
Körpə aşağıya endikdə kənardan baxanlar sizə qarnınızın formasının dəyişdiyini deyə bilər.Nadir hallarda nə özünüz, nə də kənardan baxanlar bunu hiss etməyə bilər.
Selik tıxacının gəlməsi
Hamiləlik vaxtı uşaqlıq boynu sümügümsü bir maddə ilə dolu olur. Selik tıxac deyilən həmin maddə körpəni xarici təsirlərdən müdafiə edir. Doğuşun yaxınlaşması ilə birlikdə uşaqlığın boynu yumşalmağa başlayır və həmin tıxac düşür. Xalq arasında bu hal selik tıxacının gəlməsi adlandırılır və yaxın zamanda doğuşun baş verəcəyini göstərir.
Suyun gəlməsi
Hər 10 hamilə qadından birində gözlənilməz şəkildə amnion kisəsi cırılır və amnion mayesi xaricə axır.Suyun gəlməsi olaraq adlandırılan bu hal da doğuşun yaxınlaşdığını göstərən əlamətdir. Əsasən 36-cı həftədən sonra suyun gəlməsindən 24 saat ərzində doğuş prosesi öz-özlüyündən başlayır. Suyunuz gələndə vaxt itirmədən həkiminizə zəng edin. Amnion qişası açıldıqdan sonra körpənizi infeksiyalardan qoruyacaq hər hansı bir qoruyucu vasitə olmadığı üçün əsla vaginanın içərisinə tampon kimi maddələr yerləşdirməyin və cinsi əlaqədə olmayın.
Həddindən artıq aktiv olmaq
Bütün hamiləliyiniz boyunca özünü həddin artıq yorğun və halsız hiss edə bilərsiniz. Əlinizə düşən hər bir fürsətdə az da olsa şirniyyat yemək istəyiniz yaranara bilər. Bu hamiləlik dövründə nadir rastlanmayan bir vəziyyətdir. Ancaq bir gün səhər oyandığınız vaxt özünüzü bir anda enerjili hiss edərək təmizlik, alış-verişə qədər çoxlu işlər görmək üçün ora-bura qaçdığınızı görsəniz buna heç də təəccüblənməyin. Çox qadın doğuşdan əvvəl bu cür hissi yaşayır.
Şərt olmamaqla yanaşı aşağıda qeyd edilən əlamətlər də doğuşun yaxınlaşdığından xəbər verir.
- Vaginal axıntıda artış. Axıntının rəngi böyük ehtimalla çəhrayı ya da qəhvəyidir.
- Cüzi qarın yıgılmaları ilə yanaşı uşaqlıqda elə də güclü olmayan sərtləşmələr və yumşalmalar.
- Cüzi miqdarda arıqlama
- Bel və arxada gəlib-gedən küt ağrı
- Yıgılmalarla yanaşı tez-tez rast gəlinən bağırsaq hərəkətləri
- Pelvik və rektal (çanaq) nahiyyəsində dolğunluq hissi
- Müayinədə uşaqlıq boynunda yumşalma və nazikləşmə
Bütün bu əlamətlərin olması əsas şərt deyil.Unutmayın ki, bu hal qadından qadına dəyişir.
Turab Canbaxışov