Təbii doğuş prosesi öz-özünə başlamadan əvvəl onun bilərəkdən və bəzi metodlardan  istifadə edərək başladılması hadisəsinə doğuşun induksiyası ya da qısa şəkildə induksiya deyilir.

Hamiləliyin başa çatdırılması və körpənin tezliklə dünyaya gətirilməsi ana və ya körpənin həyatı üçün zəruridirsə  belə induksiyaya göstəriş induksiyası»,  tibbi bir müdaxilə zəruri olmayan hallarda edilən induksiyaya isə elektiv induksiya deyilir. Başqa sözlə desək elektiv induksiya vaxtında və ya vaxtından bir neçə gün keçən hamilə qadına tətbiq edilən doğuş prosesinin süni başlatma üsuludur.

Elektiv induksiyanın ən bariz təhlükəsi körpənin vaxtından əvvəl doğuzdurulmasıdır ki, buna nəzarətdə olan hamilələrdə  çox az rast gəlinir.

İnduksiyanı zəruri edən hallar   

Hamiləliyin iyirminci həftəsindən sonra körpənin doğuzdurulması hamiləliyin davam etdirilməsindən daha faydalı olduğu hallarda induksiya zəruri hesab edilir.  Bu hallar arasında:

  • Dölyanı mayenin vaxtından qabaq axması
  • Plasentanın (ciftin) hissəvi ayrılması
  • Preeklampsiya- eklampsiya
  • Amnion qişasının infeksiyalaşması
  • Hər keçən gün körpənin həyatı üçün təhlükəlidirsə
  • Anaya aid bəzi xəstəliklər aid ola bilər.

Bunlarla yanaşı  körpənin ana bətnində öldüyü  hallarda doğuşun keysəriyyə  üsulu ilə  aparılması əvəzinə induksiya ilə vaginal yoldan icra edilməsi daha münasibdir.

İnduksiyanın təhlükəli olduğu hallar

  • Dölün başı ilə ananın çanağı arasında uyğunsuzluğun olması
  • Dölün köndələn vəziyyəti
  • Miomektomiya ya da klassik keysəriyyə  kimi  uşaqlıq üzərində aparılan cərrahi müdaxilələr
  • Ananın yaşının çox olması
  • Hamilənin 5-ci ya da  növbəti doğuşunun olması (grand multiparite)
  • Çoxdöllü hamiləlik
  • Plasentada çatışmazlıq simptomları ilə yanaşı  normal vaginal doğuşun əks göstəriş olduğu bütün hallarda induksiyanın tətbiq edilməməsi daha münasibdir.

METODLAR

Doğuş prosesini başlatmaq məqsədi ilə istifadə edilən metodların çoxundan başlamış bir doğuş prosesini dəstəkləmək ya da sürətləndirmək məqsədi ilə də istifadə edilə bilər.

Amniotomiya

Doğuş prosesini başlatmanın ən asan üsullarından biri amnion qişasını açmaqdır. Membranların açılması ilə müəyyən miqdar amnion mayesı xaric olur.Amniotomiya zamani ifraz edilən bəzi maddələr doğuş prosesinin başlanmasını təmin edir.Əsasən membranların açılmasından bir neçə saat sonra  müntəzəm  doğuş sancıları başlayır.

Amniotomiya aparmaq üçün uşaqlıq boynunun müəyyən qədər açıq olması zəruridir. Amniotomiya dügün şəkildə aparılmadıqda göbək ciyəsinin düşməsi kimi təhlükəli bir vəziyyət yaranır. 

Oksitosin infuziyası

Doğuş prosesini başlatmaq üçün ən çox istifadə edilən üsul  damar yolundan sistemin     içərisində oksitosin verilməsidir. Oksitosin normalda beyinin hipofiz adı verilən nahiyyəsindən ifraz edilir.  Əsas vəzifəsi uşaqlığın yığılmasını və süd vəzlərindən südün xaric olmasını təmin etməkdir. Sintetik halda istehsal edilən oksitosin hormonu cüzi miqdarda damardan verildiyi halda uşaqlıqda yığılmaların yaranmasına səbəb olur. Bu üsul xalq arasında süni sancı olaraq adlandırılır. Uşaqlıq oksitosinlə stimulyasiya üçün hazır olmalıdı. Həmin hazırlıqlardan ən əsası uşaqlıq boynunda əmələ gələn dəyişikliklərdir. Digər bir mühüm dəyişiklik də uşaqlığı əmələ gətirən əzələ liflərində  oksitosin hormonunun bağlanaraq təsir edəcəyi nahiyələrin, yəni reseptorların əmələ gəlməsidir. Oksitosin reseptorları əsasən hamiləliyin son dövrlərində əmələ gəldiyi üçün erkən dövrdə aparılan oksitosin stimulyasiyası çox vaxt  cavabsız qalır və yaxud bu cavab gec olur. 

Oksitosindən sadəcə doğuş prosesini başlatmaq məqsədi ilə deyil, həm də başlamış doğuş prosesinin dəstəklənməsi məqsədi ilə də istifadə edilə bilər. Hər iki istifadədə  mümkün qədər diqqətli olmaq lazımdır. Cüzi miqdarda  oksitosin hormonu təxminən yarım litr serum içərisində qarışdırıldıqdan sonra dəqiqədə bir neçə damcı gedəcək şəkildə damardan verilməyə başlanılır.Verilən damcı sayı müəyyən fasilələrlə bir neçə damcı şəklində artırılır. Münasib intensivlikdə və gücdə  uşaqlıq yığılmaları təmin edildikdə həmin doza saxlanılır. 

Oksitondən nəzarətsiz şəkildə istifadə edildiyində uşaqlıqda aralarında boşalma dövrü olmayan mütəmadi uşaqlıq yığılmaları əmələ gəlir. Nəticədə  körpəyə gedən oksigenin  miqdarı azalır. Buna görə oksitosinlə induksiya çox diqqətli şəkildə aparılmalıdır. İnduksiya zamanı uşaqlıq yığılmaları və körpənin ürək döyüntüləri mütəmadi olaraq monitorizə  etdirilməlidir. 

Oksitosin ilə doğuşun induksiyası ya da dəstəklənməsi təcrübəli qrup çalışması tələb edən son dərəcə  ciddi bir işdir.

Prostaqlandin tətbiqetmələri

Doğuş prosesinin başlamasında prostaqlandin deyilən maddələrdən bəzilərinin təsirli olduğu məlumdur. Bu maddələr xüsusilə uşaqlıq boynunun yetişməsində və doğuşa hazırlanmasında  əsas rol oynayır və uzun illərdir doğuş sancılarının başladılmasında  istifadə edilir.

Prostaqlandinlər ağızdan ya da vaginal yoldan tətbiq edilə bilər. Oksitosina görə ən əsas üstünlükləri uşaqlıq boynunun  yetkinləşmədiyi, yəni  Bishop şkalasının az olduğu hallarda da istifadə edilməsidir. Doğuş sancılarının başladılması məqsədi ilə müəyyən fasilələrlə ağızdan ya da vaginal yoldan tətbiq edildikdə əsasən 5-6 saat ərzində müntəzəm uşaqlıq yığılmaları başlayır. Uşaqlıq boynundakı açıqlıq müəyyən bir səviyyəyə çatdıqda amniotomiya edilir və daha sonra oksitosin verilərək doğuş həyata keçirilir.

Bununla yanaşı prostaqlandinlərin bəzi mühüm mənfi tərəfləri də vardır. Bunlardan ən əsası canlı bir körpə varlığında  doğuş sancılarının başladılması məqsədi ilə tətbiq ediləcək təhlükəsiz doza intervalının məlum olmamasıdır. Digər bir mənfi cəhəti də uşaqlığın verilən dərmana qarşı həddindən artıq cavab vermə ehtimalıdır. Bu cür vəziyyətdə uşaqlıq lazımı qədər ya da heç yumşalmadan mütəmadi olaraq yığılmış vəziyyətdə qalır. Bu zaman körpə ciddi risk ilə qarşı-qarşıyadır.   

Prostaqlandinlərin geniş və təhlükəsiz şəkildə istifadəsi üçün daha çoxlu elmi məlumat və məqalələrə ehtiyac vardır. 

Membranların sıyrılması

Müayinə zamanı barmaq girəcək qədər açıq olan uşaqlıq boynunda barmağı 360 dərəcə hərəkət etdirərək membranların ayrılması əməliyyatı membranların sıyrılması ya da «stripping» olaraq adlandırılır. Bu metod əsasən doğuşun yaxın olduğu son dövrlərdə yığılmaları başlada bilər. Tətbiqetmə ilə prosesin başlanması arasında keçən vaxt məlum deyil. Bu müddət 1-2 saat kimi qısa ola bilər.Bəzən  təsiredici yığılmalar başlamaya da bilər.

Membranların sıyrılması ilə uşaqlıqda prostaqlandın sintezinin artdığı və nəticədə uşaqlıq yığılmalarının başlandığına inanılır.

Bəzən əməliyyat  hamilə qadın üçün ağrılı ola bilər. Çox nadir olsa da  membranlar sıyrıldıqdan sonra infeksiya yarana bilər.

Döş giləsinin stimulyasiyası

Hamiləliyin son dövrlərində döş gilələrinin əl ilə hərəkət etdirilməsi hipofizdən  oksitosin ifrazatını çoxaltdığı üçün doğuş sancılarının başlanmasına səbəb ola bilər. Oxşar şəkildə cinsi əlaqədən sonra kişinin spermasında olan prostaqlandinlər də hamiləliyin son dövrlərində aktiv doğuş sancılarını başlada bilər. 

İnduksiya riskləri nələrdir? Uğursuz induksiya

İnduksiya üsullarının hərəsinin özünə məxsus riskləri vardır. Bu risklər arasında ən çox rast gəlinən və hamısında ortaq olanı induksiyanın uğursuz olmasıdır. Bu zaman doğuş sancıları ya başlamır ya da  başlanmış sancılar zəif gücdə olur. Belə vəziyyətdə ən münasib yol doğuşun keysəriyyə  ilə başa çatdırılmasıdır.

Həddindən artıq stimulyasiya

Oksitosin və prostaqlandin tətbiqində ən mühüm risklərdən biri verilən dərmana qarşı uşaqlıq əzələlərinin həddindən artıq reaksiya verməsidir. Belə vəziyyətdə uşaqlıq həddindən artıq yığılır. 

Yığılmalar arasında yumşalma  dövrləri olmur. Bu cür vəziyyət tetanik yığılmalar  adlandırılır. Yığılmalar zamanı körpəyə gedən oksigenin miqdarı azaldığı üçün körpə bir müddətdən sonra bu vəziyyətə dözmür və distressə düşür. Vaxtında tədbir görülmədikdə uşaqlıqda cırılma baş verə bilər.   

Həddindən artıq stimulyasiya oksitosin tətbiqi zamanı meydana gələrsə, serum ilə dərman verilməsi dərhal dayandırılmalı və hamilə qadına oksigen verilərək vəziyyət nəzarətdə saxlanılmalıdır. Tetanik yığılmalar yox olmazsa, ya da körpənin ürək döyüntüləri aydın şəkildə azalarsa, vaxt itirmədən keysəriyyə  əməliyyatı icra edilməlidir.  Prostaqlandindən sonra bu hal meydana gəldikdə isə ən münasib hərəkət keysəriyyə  əməliyyatıdır. 

Fetal distress (patoloji vəziyyət)

Oksitosin ilə əldə edilən uşaqlıq yığılmaları təbii yığılmalarla müqayisədə çox güclü və sistemli yığılmalardır. Bu güclü yığılmalar xüsusilə  plasental funksiyalarda pozulma olduğu hallarda körpələrdə distressə səbəb ola bilər. Fetal distressin ən mühüm göstəriciləri körpənin mekoniumu ifraz etməsi, yəni amnion mayesində mekonyumun aşkar edilməsi  və körpənin ürək döyüntüsünün sayının azalmasıdır. 

Mekonium aşkar edilərsə vəziyyət yaxından təqib edilməlidir. Fetal distressin digər göstəricisi isə körpənin ürək döyüntüsü sayının azalmasıdır. Bu azalma xüsusilə yığılmalar zamanı daha aydın şəkildə nəzərə çarpır .  Deselerasiya adı verilən bu hal aşkar edildikdə yenə də yaxından təqib etmək lazımdır. İlk mərhələdə dərmanın dozası azaldılır ya da tamamilə kəsilir. Deselerasiya davam etdiyi təqdirdə isə keysəriyyə əməliyyatı həyata keçirilməlidir. 

İnfeksiya

Amniotomiya ya da membranların sıyrılandan sonra nadir hallarda rast gəlinir.

GÖBƏK CİYƏSİNİN DÜŞMƏSİ

Körpənin başı yuxarıda olduğu hallarda amniotomiya aparılarsa göbək ciyəsi düşə bilər və bu vəziyyət körpənin həyatı üçün təhlükəlidir. Belə vəziyyətdə təcili olaraq keysəriyyə  əməliyyatı icra edilməlidir.

Su zəhərlənməsi

Oksitosin eyni zamanda bir antidiuretikdir. Yəni, sidiyin miqdarını azaldaraq bədəndə suyun miqdarını artırır. İnduksiya zamanı doza artırıldıqca sidiyin ifrazı da aydın şəkildə azalır. Uzun müddətli oksitosin verildikdən sonra ana həyatı üçün təhlükə yaradan su zəhərlənməsi deyilən vəziyyət meydana gələ bilər. 

Doğuşdan sonra qanaxma 

Uzun müddətli induksiyalardan sonra nadir hallarda rast gəlinən bir ağırlaşmadı. Doğuşdan sonra uşaqlıq əzələləri lazımi şəkildə yığıla bilmir və atoniya deyilən vəziyyət yaranır.    

Artan keysəriyyə sayı

Hər hansı bir metodla doğuş sancıları başladılan hamilə qadınlarda keysəriyyənin tətbiq edilməsi zərurəti doğuş sancıları təbii şəkildə başlayanlarla müqayisədə 2 dəfə daha çoxdur. 

Yenidoğulmuşun sarılığı

Oksitosin ilə uzun müddət induksiya tətbiq edilən analardan dünyaya gələn körpələrdə yeni  doğulmuşun sarılığı halına daha çox rast gəlinir. 

Bütün tibbi və cərrahi müdaxilələrdə olduğu kimi doğuşun süni üsullarla başladılması da son dərəcə  ciddi bir müdaxilədir. İnduksiya edilməsi planlaşdırılan hər bir hamilə qadın diqqətli şəkildə qiymətləndirilməli və ən münasib metodun istifadəsinə dair qərar verirməlidir. Hansı metodun tətbiq edilməsindən asılı olmayaraq hamilə mütləq yaxından və diqqətli şəkildə təqib edilməli,  yaranan ən kiçik problem belə gözdən qaçmamalıdir. 

Turab Canbaxışov