Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan neonatoloqları daha bir uğurlu əməliyyata imza atıblar.

Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, keçən il oktyabrın 15-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə 26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə ümidsiz halda hamilə qadın daxil olub. Klinikanın Mama-Ginekologiya şöbəsinə müraciət edən hamilə qadın şöbə müdiri Turab Canbaxışov tərəfindən müayinə edilib. Ultrasəs müayinəsindən sonra məlum olub ki, döldə sol böyrək kistasının ölçüsü 88,7 mm-ə çatıb. Belə ki, dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kistası həm qarın boşluğundakı orqanları, həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflədirdi. Təcili müdaxilə olmasaydı, uşaq tələf ola bilərdi. Kistanın ölçüsü 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olundu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gələrək kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı.

Hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının dosenti Şölə İsmayılova tərəfindən anaya qeysəriyyə əməliyyatı aparıldı və döl sağlam şəkildə dünyaya gəldi. Əməliyyat fəsadsız keçdi, lakin sol böyrək kistası hələ döl 26 həftəsindəykən çox böyük ölçülərə çatdığı üçün göbək dəliyinin tam sağalmamasına səbəb olub. Ana bətnində müdaxilə edilməsinə baxmayaraq, sidik kisəsi ilə göbək dəliyinin arasında olan axacaq tam qapanmamışdı. Nəticədə uşaq müştərək qüsurla — perforasiya olunmuş embrional göbək dəliyi ilə və sidik kisəsi ilə göbək dəliyi arası fistulası ilə doğulmuşdu.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, belə uşaqlarda infeksiyalaşma riski çox yüksəkdir. Bu riski nəzərə alaraq, uşaq cərrahiyyəsi şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Ramiz Poluxovla konsilium aparılaraq təcili əməliyyata qərar verilib. Uşaq neonatoloji reanimasiyada əməliyyata hazırlandı və əməliyyata götürüldü. Əməliyyatda həm embrional yırtıq ləğv olundu, həm də sidik kisəsi ilə göbək dəliyi arasında olan həddindən artıq geniş fistula ayrılaraq tikildi. Əməliyyat uğurla başa çatdı. Əməliyyatda iştirak edən böyük briqadanın operativliyi və professionallığı nəticəsində bütün risklərin qarşısı alındı və hər bir lazımi neonatoloji tədbirlər görüldü.

Hal-hazirda körpənin vəziyyəti yaxşıdır, həkim neonatoloqların nəzarəti altındadır və evə buraxılması üçün hazırlıqlar görülür.

AZERTAC