Endometriozis reproduktiv dövrdə olan qadınlar arasında rast gəlinən xəstəlikdir. Endometriozis uşaqlıq boşluğunu daxildən örtən endometrium deyilən toxumanın (hər ay menstruasiya zamanı tökülən, embrionun yerləşdiyi qat) qarın boşluğunda başqa yerlərdə (uşaqlıq boruları, yumurtalıqlar, uşaqlıq arxası boşluq, periton, sidik kisəsi, bağırsaqlar) yerləşməsinə deyilir.

Xəstəliyə bəzən göz, burun, ağciyərlər, keçirilmiş qarın boşluğu əməliyyatlarından sonra çapıq nahiyəsində də rast gəlinir. Uşaqlıq daxilində olan endometrium kimi, endometriozis ocaqlar da hər sikl zamanı hormonlara cavab verir və beləliklə, hər ay qalınlaşır, tökülür və qanaxma baş verir. Bununla da, endometriozis ocaqlardan qanaxma və tökülən toxumalar ətraf toxumalarda iltihabi prosesin yaranmasına və bitişmələrin əmələ gəlməsinə səbəb olur.

 

Endometriozis niyə yaranır?

Xəstəliyin yaranma səbəbləri hal – hazırda tam olaraq öyrənilməmişdir. Ən geniş yayılmış nəzəriyyə menstrual qanın uşaqlıq boruları vasitəsilə əks istiqamətdə axması və endometrial toxumaların qarın boşluğuna atılmasıdır. Bu tip əks axının on qadından doqquzunda olmasına baxmayaraq, endometriozis bu qadınların yalnız birində rast gəlinir. Bunun səbəbi kimi normal immun sistemi olan qadınlarda əks axınla gələn endometrial hüceyrələrin immun sistem tərəfindən məhv edilməsi göstərilir, normal immun cavabı olmayan qadınlarda immun cavabdakı dəyişikliklər endometriozisin yaranmasına səbəb olur.

Qarın boşluğu xaricində olan endometriozis halları isə endometrial hüceyrələrin qan və limfa damarları vasitəsilə orqanizmin digər hissələrinə yayılması ilə izah olunur. Son illərdə endometriozisin yaranmasında genetik meyliliyin olması haqqında araşdırmalar aparılır, lakin hələ cavabdeh genetik faktor müəyyənləşdirilməmişdir.

 

Endometriozisin rastgəlmə tezliyi

Əslində endometriozisin rastgəlmə tezliyi haqqında müxtəlif məlumatlar mövcuddur. Belə ki, heç bir şikayəti olmayan qadınlar arasında ( yəni təsadüfi aşkarlanmış ) 2 – 18 %, qasıq və qarının aşağı hissəsində ağrı şikayəti olan qadınlar arasında 5 – 21 %, hamilə ola bilməyən (sonsuz ) qadınlar arasında 5 – 50 % hallarda rast gəlinir.

 

Endometriozis hansı yaşlarda rast gəlinir?

Endometriozis 19 – 45 yaşlarında müşahidə olunsa da, əsasən 25 – 34 yaşlarında təsadüf olunur. Yetkinlik yaşına çatmamış qızlarda və menopauzadan sonra nadir hallarda təsadüf olunur.

 

Kimlər risk altındadır?

Endometriozis ginekoloqların tez – tez rast gəldiyi xəstəliklərdən biridir. Əsasən reproduktiv dövrdə olan qadınlar arasında 5 % hallarda rast gəlinir. 30 – 40 yaşlarındakı qadınlar ilə yetkinlik dövründə ağrılı aybaşı şikayəti olan və müalicəyə cavab verməyən gənc qızların     20 – 25 % — i bu xəstəlikdən əziyyət çəkir. Qarının aşağı hissəsində xronik ağrısı olanların 25 – 40 %, sonsuzluq şikayəti olanların isə 20 – 30 % — ində endometriozisə rast gəlinir.

Ağrılı aybaşı sikli olan qadınlarda endometriozis riski 4 – 6 dəfə, anası və ya bacısında endometriozis olan qadınlarda isə bu risk 6 – 7 dəfə daha çoxdur. Həmçinin immun sistem pozğunluğu olan,  ilk aybaşısı erkən yaşda başlayan və uzun müddətli olan qadınlarda endometriozisin rastgəlmə tezliyi daha yüksəkdir.

 

Endometriozisin risk faktorları hansılardır?

  • Genetik – müəyyən edilmişdir ki, birinci dərəcə qohumlarında cərrahi olaraq endometriozis diaqnozu qoyulmuş qadınlarda endometriozis riski 4 – 8 dəfə daha çoxdur.
  • Uşaqlıq anomaliyaları – yəhərvari uşaqlıq, uşaqlıq arakəsməsi və s.
  • İlk menstruasiyanın erkən yaşda olması – 11 və daha erkən yaş.
  • Aybaşı tsiklinin qısa olması – 27 gün və daha qısa.
  • Hamiləliyin olmaması.

 

Endometriozis riskini azaldan və riskə təsir etməyən hallar hansılardır?

  • Hamiləliyin olması riski azaldır.
  • Laktasiya dövrü riski azaldır.
  • Kombinə olunmuş oral kontraseptivlər riski azaldır.
  • Uşaqlıq daxili vasitələr riskə təsir etmir.
  • Tampon istifadəsi riskə təsir etmir.

Endometriozis orqanizmin hansı hissələrində rast gəlinə bilər?

Ən çox yumurtalıqlar, uşaqlıq arxası boşluq və uşaqlıq bağlarında rast gəlinir. Lakin kiçik çanaq boşluğu, bağırsaqlar, ginekoloji əməliyyat yaraları, fizioloji doğuşdan sonra tikiş yaraları, ağciyər, burun, göz kimi bir çox orqanlarda da təsadüf oluna bilər.

Endometriozis hansı şikayətlərə səbəb olur?

  • Ağrı
  • Sonsuzluq
  • Mensturasiyadan əvvəl vaginal ləkə şəklində qanaxma

 

Əlamətləri nədir?

Endometriozisin sonsuzluq və ağrı ( qarının aşağı hissəsindəki daimi ağrı və ağrılı cinsi əlaqə ) olmaqla iki əsas əlaməti vardır. Əgər qadında cinsi əlaqə zamanı, aybaşı sırasında və hətta sonrasında da ağrı olursa ilk olaraq endometriozis düşünülməlidir. Ağrının şiddəti ilə xəstəliyin yayılma dərəcəsi düz mütənasib deyil. Ağrının müddəti və şiddəti zaman keçdikcə artır və tez – tez bel ağrıları ilə birlikdə təsadüf olunur. Endometriozis qarın boşluğunda bitişmələrin yaranmasına səbəb olur. Bunun xaricində yumurtalıq və uşaqlıq borularının funksiyalarını pozaraq sonsuzluğa səbəb ola bilər.

Adenomioz ( endometrial toxumanın uşaqlıq divarında yerləşməsi ) — əsasən qeyri müntəzəm bol miqdarda ağrılı menstrual qanaxmalar və normadan böyük uşaqlıq müşahidə olunur. Həmçinin yerləşdiyi toxumadan asılı olaraq yorğunluq və halsızlıq, bel ağrısı, menstruasiya zamanı ishal və qəbizlik, ağrılı və qanlı sidik ifrazı, burun qanaxması, qusma və qanlı bəlğəm kimi əlamətlər ola bilər. Bu əlamətlər əsasən zaman keçdikcə pisləşsə də, bəzi hallarda əlamətlərin periodik tərarlanması və yaxşılaşma müşahidə olunur. Bəzi endometriozisli qadınlarda isə heç bir əlamət müşahidə olunmur.

 

 

Şokolad kistaları ( endometrioma ) — Endometriozis yumurtalıq daxilində yerləşdikdə yumurtalıq daxilində kistaların yaranmasına səbəb olur. Hər menstural tsikl zamanı yumurtalıq daxilindəki endometrial toxumada hormonların təsiri ilə qanaxma nəticəsində kista formalaşır və kista daxilində uzun müddət qalan qan zamanla şokolad formalı maye ( tünd qəhvəyi rəngli ) halını alır. Bu səbəbdən də bu kistalara şokolad kistası – endometrioma adı verilmişdir.

Əgər kista müalicə edilməzsə, daha da böyüyərək öz ətrafında fırlana bilər və ya partlaya bilər. Bu zaman daxilindəki maye qarın boşluğuna yayılaraq xəstəliyin yayılmasına və kəskin klinik əlamətlərə səbəb ola bilər. USM – də endometriomaların tipik görünüşü vardır. Sadə funksional yumurtalıq kistaları bir neçə ay ərzində yox olsa da, şokolad kistaları böyüyürlər. Müalicədə 3 sm – dən böyük şokolad kistaları cərrahi yolla çıxarılır.

 

 

Diaqnoz necə qoyulur?

Qarın boşluğundakı endometriozis peritonda, yumurtalıqlarda və dərində yerləşən olmaqla 3 yerə ayrılır. Endometriozis hallarında diaqnoz üçün ginekoloji müayinədən, USM – dən (yumurtalıqlarda şokolad kistaları üçün ), MRT – dən ( toxuma daxilində və dərində yerləşən endometroid ocaqlar üçün), qanda onkomarkerlərin təyinindən ( Ca 125 və Ca 19 – 9 ) və laparoskopiyadan istifadə olunur. Laparoskopiya ilə diaqnozun qoyulması əsasdır. Laparoskopiya ilə həm xəstəliyin dərəcəsi təyin edilir, həm də endometroid ocaqlardan histololoji müayinə üçün biopsiya götürülə bilir.

 

Endometriozisin müalicəsi

Endometriozisin müalicəsində medikal, cərrahi və köməkçi çoxalma üsullarından ( inseminasiya və ekstrakorporal mayalanma ) istifadə olunur. Medikal müalicədə əsas məqsəd endometroid ocaqları kiçiltmək və ləğv etməkdir. Bunun üçün yalançı hamiləlik və menopauza mühiti yaradan dərmanlardan istifadə olunur.

 

Endometriozisda xəstələrin məlumatlandırılması

Endometriozisin qadın həyatına təsir edən xəstəliklərdən biridir. Vaxt keçdikcə yeni məlumatlar əldə edilir və bu məlumatlar keçmişdə verilən bəzi proqnozların əhəmiyyətinin itirilməsinə və ya şübhə ilə qarşılanmasına səbəb olur. Endometriozis ilə bağlı bir fərziyyə çox gənc qadınlarda endometriozisin olmamasıdır. Bu fikrin gənc qız və qadınların menstruasiya ağrıları üçün həkimə müraciət etməmələrindən və xəstəliyin irəliləyib dözülməz bir səviyyəyə çatmasına qədər gözləmələrindən qaynaqlanma ehtimalı yüksəkdir.

Keçmişdə  endometriozisin daha çox  təhsilli qadınlarda rast gəlindiyinə inanılırdı.  Bu gün bu fikrin təhsilli qadınların daha yaxşı tibbi yardımdan faydalanmalarına və özlərində rastlanan əlamətlərin səbəblərini  təkidlə tədqiq etmələrindən asılı olduğunu bilirik.

Endometriozis üçün əvvəllər irəli sürülən bir fərziyyə də, xərçəng kimi öldürücü olmadığı üçün ciddi bir xəstəlik hesab edilməməsi idi. Buna baxmayaraq, endometriozisli xəstələrlə onların təcrübələri haqqında danışıldığı zaman, bəzi qadınların həyat tərzinə çox təsir etməməsinə  baxmayaraq, bir çox qadınlarda ciddi ağrı,  emosional stress, iş və normal fəaliyyətlərinin davam etdirməmə, iqtisadi və münasibətdə problemlər kimi ciddi narahatlıqların yaşandığı  müşahidə olunur. Bəlkə də, yaxın bir vaxtda  bu qəribə xəstəliyi daha yaxşı dərk edib, bu xəstəlik haqqındakı bütün şayələr,  ağrı və ümidlərin puç olması kimi hadisələrə son qoyacağıq.

Nəticə olaraq, endometriozis  əsasən ağrı ilə müşahidə olunan, səbəbi məlum olmayan, hamilə qalmada çətinlik yaradan, tam bir dərmanla müalicə olunmayan, cərrahi müalicədən sonra da təkrar yaranma xüsusiyyəti göstərən bir xəstəlikdir.

Turab Canbaxışov