Ağrılı menstruasiya qadın orqanizmində baş verən fizioloji hadisədir, bir çox qadıınlar bu dönəmdə müxtəlif orqanik və psixoloji narahatçılıqdan şikayətlənərək, mütəxəsislərə müraciət etsələr də, digərləri bu müddəti heç bir şikayət olmadan keçirirlər. Bu fərdiliyin əsasını metabolik, hormonal və psixoloji fərqlilik təşkil edir.

Dismenoreya, yəni ağrılı menstruasiya lazımi müayinələr aparıldıqdan sonra effektiv müalicə edilə bilən və bu səbəblə əlaqədar qadınların boş yerə dözdüyü ağrıdır.

Dismenoreya sözünün mənası ağrılı aybaşı deməkdir. Lakin periodik olan bu ağrı, ürəkbulanma, qusma, defekasiyanın tezləşməsi, baş ağrısı, taxikardiya və emosional pozğunluqlarla assosiasiya olaraq, qadının həyat keyfiyyətinə təsir edir və müalicə üçün müraciət etməyə məcbur etməklə əmək qabiliyyətinin azalmasına səbəb olur. Dismenoreyanın rastgəlmə tezliyi 3 – 90 % təşkil edir. Bu göstəricinin fərqli olması həkimlərin xəstə şikayətlərinin fizioloji və ya pataloji olmasını  dəyərləndirərkən müxtəlif kriteriyalardan istifadə etmələridir. Nisbi olaraq qeyd etmək olar ki, qadınların 50 % — ində müxtəlif dərəcədə dismenoreyaya rast gəlinir.

Dismenoreyanı iki qrupa ayırmaq olar:

  • Birincili dismenoreya
  • İkincili dismenoreya

1.)  Birincili dismenoreya — əsas xüsusiyyəti hər hansı bir çanaq patalogiyası olmadan əmələ gəlməsidir. Əksər hallarda 25 yaşa qədər rast gəlinir. Ağrı adətən, menstrual qanaxmanın başlanmasından əvvəl və ya onunla bərabər başlayır və bir – iki gün davam edir. Ağrı qarının aşağı hissəsində və qasıq nahiyəsində hiss edilir, kürək, bel və bud nahiyələrinə irradiasiya edir. Xəstələrin 50 % — ində ürəkbulanma və qusma kimi şikayətlər müşahidə olunur və 48 – 72 saat ərzində bu əlamətlər yox olur. Müalicəsində ağrı kəsicilərdən tutmuş  spazmolitiklərə, kontraseptivlərə, cərrahi olaraq uşaqlıq sinirlərinin kəsilməsinə, akupunkturaya və TENS (sinirlərin dəridən keçməklə elektrik stimulasiyası ) kimi metodlara qədər bir sıra üsullar istifadə olunur.

2.)  İkincili dismenoreya – başlandığı dövrlərdə menstruasiyanın ağrısız olmasına baxmayaraq, sonrakı illərdə, əsasən 25 – 30 yaşlarında ağrılı olmasına deyilir. Burada birincili dismenoreyadan fərqli olaraq, ağrının səbəbi orqanik dəyişikliklərdir. Endometrioz, mioma, endometrial polip, keçirilmiş uşaqlıq infeksiyaları, uşaqlıq daxili vasitələrin ( spiral ) istifadəsi, uşaqlığın pozisiya anolmaliyaları, uşaqlıq boynu sinexiyaları kimi bir sıra patalogiyalar ikincili dismenoreyaya səbəb ola bilər. Ağrı adətən menstrual qanaxmadan bir həftə əvvəl əmələ gəlir, iki – üç gün əvvəl şiddətlənir və ya menstrual qanaxma ilə birlikdə başlayır. Ağrının xarakteri səbəbdən asılı olaraq dəyişir. Ağır endometrioz və uşaqlıq borularının iltihabi xəsləlikləri zamanı küt xarakter daşısa da, endometrial polip və spiral varlığında spazm xarakterlidir. İkincili dismenoreyanın müalicəsi səbəbdən asılı olaraq aparılır.

Nə vaxt ginekoloji müayinə aparılır?

Əgər menstrual ağrı ağrıkəsicilərlə dəf edilə bilirsə, ginekoloji müayinə zəruri deyil. Lakin menstrual ağrı çox şiddətli olub ümumi halsızlığa səbəb olur və ya həyat tərzinə təsir göstərirsə ginekoloji müayinə aparılmalı və müvafiq müalicə təyin edilməlidir.

Ginekoloji dəyərləndirmə bir sıra məqsədlərlə aparılır: endometrioz ( uşaqlığın daxili səthini örtən qatın qeyri normal yerlərdə olması ), adenomioz, xroniki infeksiya, qarındaxili bitişmələr, yumurtalıq kistaları, miomalar və digər ginekoloji xəstəliklər özlərinə xas əlamətlər verməməklə, yalnız menstrual ağrı şəklində özünü göstərir. Aparılmış ginekoloji müayinə bu halların aşkar edilməsi və müvafiq müalicənin aparılması baxımından son dərəcə önəmlidir. `

Müalicə necə aparılır?

Ginekoloji müayinə menstrual ağrının səbəbinin aşkar edildiyi hallarda səbəbin aradan qaldırılması ilə müalicənin effekivliyinin artırılması baxımından əhəmiyyətlidir. Dəyərləndirilmənin düzgün aparılmaması aparılan müalicənin effektivliyini azaldır.

Ginekoloji müayinə zamanı patalogiyanın aşkar edilməməsi hallarında ilk addım ağrıkəsici vasitələrin təyin edilməsidir. İstifadə olunan ağrıkəsicilər qeyri steroid iltihab əleyhinə analgetiklər qrupu adı altında birləşdirilən preparatlardır. Bu preparatlar ağrını azaltmaqla bərabər prostaqlandin sintezini azaldaraq ikili təsir göstərirlər. Menstruasiyanın başlanmasından təxminən 24 saat əvvəl həkimin təyin etdiyi müvafiq dozada, ağrının olduğu müddət ərzində istifadə edilir.

İkinci addım müalicənin effektsizliyi daha geniş müayinələrin aparılmasını tələb edir. Bu məqsədlə müvafiq hazırlıqdan sonra laparoskopik üsulla qarın boşluğu müayinə edilir. Bu üsulla əsasən endometrioz təyin edilir.

Ağrı, xüsusən səbəbi bilinməyən xronik ağrı hər zaman psixoloji problemlər yaradır. Bu səbəbdən də, ağrılı menstruasiyası olan qadınlara psixoloqun konsultasiyası lazımola bilər.

Yoga, transandantal meditasiya kimi üsullar lazımi hallarda istifadə olunduqda menstrual ağrı vaxtı faydalı ola bilər.

Turab Canbaxışov