Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qız üzərində mürəkkəb tibbi əməliyyat həyata keçirilib.

Klinikadan AZƏRTAC-a daxil olan məlumata görə, son dərəcə mürəkkəb əməliyyatı Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov aparıb.

Yeniyetmənin ailə üzvlərinin çoxsaylı müraciətinə baxmayaraq, indiyədək həmin əməliyyatın icrasını öz üzərinə götürən tapılmayıb.

Şöbə müdirinin dediyinə görə, xəstənin son bir ildə hər ay 3-5 gün davam edən şiddətli ağrıları olub, lakin menstrual qanaxma müşahidə olunmayıb: “Diaqnostik müayinələr zamanı xəstədə anadangəlmə uşaqlıq yolunun qüsuru, yəni tamamilə inkişaf etməməsi aşkarlanıb. Qanaxmalar uşaqlıq yolu olmadığı üçün bayıra deyil, uşaqlıq boruları vasitəsilə daxilə, yəni qarın boşluğuna axaraq ciddi ağrılara səbəb olurmuş”.

Çox nadir hallarda rast gəlinən xəstəlik nəticəsində ürək və böyrək qüsurları ehtimalları da artır, lakin xoşbəxtlikdən əməliyyat olunan yeniyetmə qızın səhhətində başqa problem aşkar edilməyib.

Həkimin dediyinə görə, əməliyyat təxminən 3 saat davam edib, fəsadsız keçib və süni yaradılan uşaqlıq yoluna müvəqqəti olaraq xüsusi balonlar yerləşdirilib: “Uşaqlıq yolu inkişaf etmədiyinə görə qonşu orqanlar — sidik kisəsi və düz bağırsaq bir-birinə bitişik idi və onları zərər vermədən ayırmaq xüsusi diqqət və təcrübə tələb edirdi. Yetkinlik yaşına çatandan sonra xəstənin uşaqlıq yolunun korreksiyası üçün daha bir əməliyyat aparılmalıdır.”

Əməliyyatdan sonra 14 yaşlı qız özünü normal hiss edir və onu xəstəxanadan evə buraxıblar.

AZƏRTAC